
Bolluğun, bərəkətin, sevincin rəmzi olan Novruz ölkəmizdə yazın gəlişinin, təbiətin və torpağın oyanışının bayram edilməsidir. Novruzun təmtəraqlı şəkildə qeyd olunduğu günə aparan yol dörd çərşənbədən – Su, Od, Yel və Torpaq çərşənbələrindən keçir. Həmin günlərdə qulaq falı, papaq atmaq, xonça hazırlamaq kimi nəsillərdən-nəsillərə ötürülən adət-ənənələr yerinə yetirilir.
Novruz bayramı həm də qədim mədəniyyətimizin və dəyərlərimizin təbliği deməkdir. Hər il bayram ilə əlaqədar ölkəmizə gələn qonaqlar bu bayramın simasında mədəniyyətimizi daha yaxından tanımaq və Azərbaycanın turizm potensialını kəşf etmək imkanı əldə edirlər. Hazırladığımız bu bələdçi Novruzda yüksək kalorili yeməklər və şirniyyatlardan dadıb aktiv istirahət fəaliyyətlərini təcrübə edərək sağlam tarazlığı yaratmağa kömək edəcək.
Quş müşahidəsi
Baharın təravəti, isti günlərin başlaması və təbiətin oyanmasını quşların şirin nəğmələri olmadan təsəvvür etmək mümkün deyil. Bayram günləri də yazın başlanmasına təsadüf etdiyindən yüzlərlə al-əlvan rəngə bürünən quşlar doğma yerlərinə köç edir və bu fəsil bütün Azərbaycanda quşların ən gözəl mövsümü hesab olunur. Həmin ərəfələrdə Xəzərin qərb sahilində Beşbarmaq dağına səyahət edərək quşların köçünü, həmçinin çöl qartalı, çöl belibağlısı kimi quş növlərini görmək olar. Digər quş müşahidəsi nöqtələri və detallı məlumat üçün broşür və məqalələrimizi gözdən keçirə bilərsiniz.
Yamac paraşütü
Bayram əhval-ruhiyyəsi səmada daha aydın hiss olunur! Beşbarmaq dağı ilə birlikdə Şahdağ kurortu Azərbaycanda yamac paraşütünü təcrübə etmək üçün ən çox səyahət edilən yerlərdən biridir. Bu, həmçinin əyləncənin tam spektrini yaşamaq və Böyük Qafqaz dağları boyunca dövrə vuran quşları lentə almaq üçün əla fürsətdir.
Milli sənətkarlıq nümunələri
Novruzda dağlıq bölgələrə səyahət etməyi planlaşdırırsınızsa, o zaman Azərbaycanın qədim sənətkarlıq mərkəzlərindən olan Şəkinin tarixi məkanlarını gəzməyi, Basqalda kəlağayı toxuma üzrə masterklaslara qoşulmağı və Lahıcda misdən hazırlanan gözəl əl işlərindən almağı siyahınıza əlavə edin. Azərbaycan nəfis sənətkarlıq nümunələrinin diyarıdır. Milli Xalça Muzeyində xalçaçılıq sənətinin zəngin ənənələrlə dolu sirli dünyasına səyahət edərək bu qədim el sənətinin tarixinə bir daha baxın!
Azərbaycan mətbəxi
Novruzda uşaqlardan tutmuş böyüklərə qədər bütün şirniyyat həvəskarları ləzzətli bayram sovqatlarını səbrsizliklə gözləyirlər. Elə bayramın özünəməxsusluğu da onun zəngin və orijinal təamlarındadır. Hər bir evdə şəkərbura, paxlava, badambura, şor qoğalı və digər naz-nemətlərin hazırlanması bayram süfrəsinin olmazsa olmazlarındandır. Əgər bu şirniyyatlardan özünüz də hazırlamaq istəyirsinizsə, Şəkidə paxlava hazırlanması və İçərişəhərdə milli mətbəx üzrə təşkil edilən masterklaslara qoşulun.
Yerli şərablar
Yerli şərablarımızın zərif dadı bir çox milli yeməklər ilə birləşəndə nəfis uyğunluq yaradır. Bakıdakı şərab kafe və barlarında məşhur dünya brendləri ilə bərabər, unikal yerli şərablardan dadmaq “Novruzda mütləq ediləcəklər” siyahınızda yer almalıdır. Özünəməxsus ətri və əla keyfiyyətinə görə şöhrət qazanmış Azərbaycan şərabları Qafqaz dağlarının ətəklərindəki plantasiyalarda yetişdirilən seçmə üzüm növlərindən sevgi ilə hazırlanır. Əgər zamanınız varsa, bölgələrimizdə yerləşən “Meysəri”, “SAVALAN – ASPI Winery”, “Chabiant” və “Azgranata” şərab zavodlarına üz tutaraq yerli şərabları dequstasiya edə bilərsiniz.
Qolf
Düşünürük ki, hər Novruz özü ilə birlikdə gətirdiyi yeni nəfəs ilə bambaşqa təcrübələrə yol açır. Odur ki, bu ilki Novruzda Azərbaycanın möhtəşəm qolf meydançalarında qolf oynamağın əsl vaxtıdır. Azərbaycan dünya miqyasında qolf turizmi üzrə nisbətən yeni destinasiya olsa da, Bakıda Dreamland Qolf Klubu və Qubada Milli Qolf Klubunda müxtəlif səviyyəli oyunçular üçün yaradılan şərait və xidmət yüksək səviyyədədir.