Azərbaycan haqqında maraqlı faktlar
Azərbaycan haqda bilmədiyimiz hələ nə qədər maraqlı və eyni zamanda, təəccübləndirici məlumatlar var. Bəs siz bunları bilirsinizmi?
Azərbaycan haqda bilmədiyimiz hələ nə qədər maraqlı və eyni zamanda, təəccübləndirici məlumatlar var. Bəs siz bunları bilirsinizmi?
Azərbaycanı həm də "Odlar Yurdu" adlandırırlar. Bunun bir neçə səbəbi var. “Azərbaycan” sözünün təxmin edilən mənalarından biri “alov qoruyucusu” deməkdir. Bundan başqa, ölkəmiz neft və təbii qaz ehtiyatları ilə zəngindir və qədimdə atəşpərəstliyin mərkəzi olmuşdur. Bu gün də Yanardağ və Atəşgahı ziyarət edənlər və Alov qüllələrini görənlər bu adın həqiqiliyinə əmin ola bilərlər.
Azərbaycan qədim İpək Yolunun üzərində yerləşdiyi üçün karvan yolları ilə müxtəlif xalqlardan olan çoxsaylı tacir və səyyahlar ölkəmizdən keçiblər. Məhz bu, xalqımızın tolerant və fərqli mədəniyyətlərə hörmətlə yanaşmasında mühüm amillərdən olmuşdur. Dünyəvi ölkə olan Azərbaycanda müxtəlif dinlərə etiqad edənlər, eləcə də azsaylı xalqlar sülh və əmin-amanlıq şəraitində yaşayırlar.
1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin və xalqımızın tarixində mühüm iz buraxıb. Məhz AXC dövründə – 1918-ci ildə qadınlara seçki hüququnun verilməsinə dair qərar qəbul olunmuşdur. Bununla da, Azərbaycan müsəlman Şərqində bu yenilikçi addımı atmış ilk ölkə olmuş və hətta əksər Qərb ölkələrini də qabaqlamışdır. AXC ənənələrini bu gün Azərbaycan Respublikası davam etdirir.
Azərbaycan palçıq vulkanlarının sayına görə dünya rekordçusudur – hesablamalara görə, ölkəmizdə 350-dən çox palçıq vulkanı mövcuddur. Bu da dünyadakı bütün palçıq vulkanlarının təxminən yarısı deməkdir. Bu qeyri-adi landşaft formasına Bakı ətrafı, Xəzər dənizi və sahillərində daha çox rast gəlinir. Dünyanın ən böyük palçıq vulkanları da Azərbaycandadır.
Dünyanın ilk Miniatür Kitab Muzeyi İçərişəhərdə yerləşir. Bu qeyri-adi muzey dünyanın ən böyük miniatür kitab kolleksiyası kimi "Ginnesin Rekordlar Kitabı"na daxil edilib. Zərifə Salahovanın şəxsi kolleksiyasının nümayiş olunduğu bu muzeydə 5500-dən artıq kitab sərgilənir. Muzeyin ən kiçik eksponatı isə yalnız lupa ilə oxumaq mümkündür.
Azərbaycan neft sənayesi tarixində bir sıra ilklərə imza atıb. 1901-ci ildə Bakı dünya neftinin yarısından çoxunu, İkinci Dünya Müharibəsi illərində isə SSRİ-də hasil olunan neftin təxminən 75%-ni, tank və təyyarələr üçün yanacağın böyük hissəsini təmin etmişdir. İlk neft tankeri, neft boru xətti, avtomatik üsulla qazılmış neft quyusu da Bakının zəngin neft tarixi ilə bağlıdır.
Azərbaycan şərq sərhədləri dünyanın ən böyük gölü Xəzərin suları yuyur. Xəzər yalnız neft və qaz yataqları ilə deyil, həm də nərə balıqlarının təbii məskəni kimi tanınır. Bakı, Lənkəran və Xaçmazda mövcud çimərliklər isə yerli və xarici turistlərin sevimli istirahət mərkəzləridir. Bakı Xəzər sahilində ən böyük şəhərdir. Burada regionun ən böyük limanı fəaliyyət göstərir və Avropanın ən uzun dənizkənarı bulvarlarından biri yerləşir.
Dünya şöhrətli memar Zaha Hadid tərəfindən layihələndirilmiş Heydər Əliyev Mərkəzi onun son işlərindən biridir. Bu memarlıq incisi 2014-cü ildə London Dizayn Muzeyinin "İlin dizaynı" mükafatına layiq görülüb. Görünüşü, forması və bəyaz rəngi ilə hər kəsin qəlbini fəth edən bu bina müasir Bakının simvoluna çevrilib. Mərkəzdə maraqlı muzeylər və sərgilərə baş çəkə, konsertlərin tamaşaçısı ola bilərsiniz.
Azərbaycanın əvəzolunmaz qürur mənbəyi Qarabağ atıdır. Bu atlar sürətli və dözümlü olduqlarına görə yüksək qiymətləndirilir. Qarabağ atlarının şabalıdı rəngi isə onların fərqləndirici əlamətlərindəndir. Ağdamda Qarabağ atı cinsinin inkişaf etdirilməsi üçün Qarabağ Atçılıq Kompleksi fəaliyyət göstərir. 1956-cı ildə Qarabağ atı Britaniya kraliçası II Yelizavetaya hədiyyə olaraq verilmişdir.
Azərbaycanda özünəməxsus naxış, rəng və motivləri ilə seçilən yeddi xalçaçılıq məktəbi mövcuddur. Azərbaycan xalçaları mürəkkəb toxunma texnikası, saplarının təbii rənglənmə metodu və uzunömürlü olmasına görə bütün dünyada məşhurdur. Dünyanın ən iri xalça kolleksiyalarından biri məhz Azərbaycan Xalça Muzeyində qorunur. Bu muzey formasına görə bükülmüş xalçanı xatırladır.
Azərbaycanın yüksəkliklərində yerləşən Xınalıq kəndi ölkəmizin tanınmış etnomərkəzlərindən biri, həm də Avropanın ən yüksək yaşayış məskənlərindəndir. Özünəməxsusluğu ilə tanınan Xınalıq kəndi 2020-ci ildə UNESCO-nun Ümumdünya İrsinin İlkin Siyahısına daxil edilib. Bu özünəməxsusluğu evlərin inşası üslubunda daha aydın görmək olur. Kənddə evlər bir-birinə çox sıx tikilib. Bu isə şaxtalı-çovğunlu günlərdə soyuqdan mühafizəni təmin edir. Qədim Qafqaz Albaniyası tayfalarından sayılan xınalıqlılar tamamilə nadir bir dildə danışırlar. Yerli sakinlər bu dili “Kətş” dili adlandırır.
Dünyada ilk neft tankerinin 1879-cu ildə Bakıda istifadəyə verildiyini bilirdinizmi? Belə ki, həmin ildə Nobel qardaşlarının Bakıdakı neft mədənlərindən çıxarılan xam neftin daşınması üçün sifariş etdiyi Zərdüşt gəmisi dünyada istifadəyə verilmiş ilk neft tankeri hesab edilir.
Bilirdiniz ki, İlisuda yerləşən təbii termal bulaqlar suyun aşındırması nəticəsində dağın içində təbii vanna olaraq yaranıb? İlisu kəndindən 5 km şimal şərqdə yerləşən bu təbii termal bulaqlar dağların arasında yerləşir. Eyni qayadan süzülüb gələn iki bulaqdan biri soyuq, digəri isti axır və el arasında bu bulaqlara "oğlan bulaq və qız bulaq" deyilir. Bu təbii termal bulaqlara adətən müxtəlif dəri xəstəlikləri və revmatik xəstəliklərin müalicəsi üçün üz tuturlar.
Lənkəranın həm şimal, həm də cənub tərəfində çimərliklər var. Bu çimərliklərin qara vulkanik qumları müalicəvi əhəmiyyətə malikdir, suyu isə bütün Xəzər dənizi sahillərində ən duru sudur. Belə ki, buranın qara vulkanik qumları revmatizm, oynaq ağrıları, fəqərə problemləri olanlar üçün müalicəvi əhəmiyyət daşıyır.
Fransız səyyahı və yazıçısı Aleksandr Düma Qafqaza tarixi səfəri zamanı Şəkidə qonaq olmuşdur. Qafqaz təəssüratları ilə bağlı 1856-cı ildə qələmə aldığı "Qafqaz səfəri" adlı əsərində Şəkinin şairanə təbiət mənzərələri, unikal maddi və qeyri-maddi mədəni irsi və xüsusilə yerli dəyərləri barədə maraqlı faktlardan bəhs etmişdir.
Bakının tarixi mərkəzi sayılan İçərişəhər orta əsrlərə aid tarixi daş tikililəri, hamamları, bazarları və uca divarları ilə məşhurdur. Paytaxtın sirli abidələrindən olan Qız qalası və Şirvanşahlar Sarayı da burada yerləşir. XII əsrə aid divarlarla əhatə olunmuş İçərişəhər UNESCO-nun Ümumdünya İrs Siyahısına daxildir.
1027-ci ildə Araz çayı üzərində inşa olunan Xudafərin körpüsü qədim və orta əsrlərdə kommunikasiya vasitəsi kimi böyük strateji əhəmiyyət daşıyıb. Bu körpünü ölkə ərazisindəki digər körpülərdən fərqləndirən cəhət əsrlərin sınağından mərdliklə çıxmasıdır. Belə ki, tarix boyu savaşlara şahidlik etmiş həsrət körpüsü adlandırılan Xudafərin 2020-ci ildə işğaldan azad olunduqdan sonra yenidən bütövlük rəmzinə çevrildi.
Talış meşələrinin şahı sayılan dəmirağac ilə Nobel fondu arasındakı əlaqəni bilirsiniz? Belə ki, İsveçdən olan kimyaçı və mühəndis Alfred Nobel əvvəllər tüfəng istehsalı ilə məşğul olub. Dünyada yalnız Talış meşələrində bitən dəmirağacın oduncağından möhkəm tüfəng qundağı düzəldə biləcəyini eşidən Nobel Azərbaycana gəlir. Səfər zamanı Nobel Bakıda fantan vuran neft quyularını görür və nəticədə neft mədənlərinə yiyələnir. Beləcə, cənub zonasında bitən dəmirağac milyonçu Nobelin həyatında kulminasiya nöqtəsi olmuşdur.
Dünya üzrə yeganə Uzunömürlülər Muzeyini yalnız Azərbaycanda ziyarət etmək mümkündür. Söhbət uzunömürlülər diyarı olan Lerikin Uzunömürlülər Muzeyindən gedir. 1991-ci ildən fəaliyyət göstərən muzeydə 100 yaşdan artıq ömür sürmüş sakinlərə aid fotoşəkillər və şəxsi əşyaların daxil olduğu iki mindən artıq eksponat nümayiş etdirilir. Xarici qonaqlar muzeyə uzunömürlülüyün sirlərini öyrənmək üçün gəlirlər.