MƏSAFƏ: 6,5 KM
YOXUŞ: 630 M
ENİŞ: 280 M
MAKS. HÜNDÜRLÜK: 1670 M
MİN. HÜNDÜRLÜK: 1310 M
MÜDDƏT: 3 SAAT 25 DƏQ
Yürüşün ikinci yarısında Qızılqaya və Şahdağ platolarının qarlı zirvələrinin fonunda Qusarçay dərəsinin mənzərəsini izləyə bilərsiniz. Ümumiyyətlə, yürüş ərzində valehedici mənzərələrlə tez-tez qarşılaşacaqsınız. Haykinq marşrutu əsasən yoxuşlardan ibarətdir və fiziki hazırlıq tələb edir. Cığırlar hər yerdə aydın sezilir və tam işarələnib. Bu işarələri izləyərək 500 m irəliləyin. Çayı geridə buraxdıqdan sonra sol tərəfə yönələrək körpünü keçirsiniz, ardınca da 2 km yoxuşla davam edirsiniz. Meşə daxilində nisbətən sərt yoxuşla davam edib aşırıma çıxacaqsınız. Aşırımdan görünən dərə boyunca enişli-yoxuşlu cığırla gedib, Qusarçay dərəsi və Laza kəndinə açılan mənzərə ilə qarşılaşacaqsınız. Yaxınlıqda yerləşən qoşa şəlalələrə də baş çəkməyi unutmayın.
Mövsüm
Texniki olaraq orta çətinlikli yürüş olduğu üçün uyğun dağ yürüşü geyimlərinin olması vacibdir. Xüsusən qışda, qarlı vaxtlarda bu marşrutu qış yürüşü geyimləri olmadan getmək tövsiyə olunmur. Yaşıl təbiətdən zövq almaq istəsəniz, may – iyul aylarında bu marşrut idealdır. Amma səfər öncəsi hava proqnozunu yoxlamaq tövsiyə olunur. Dumanlı, yağışlı və küləkli hava şəraiti yürüşü çətinləşdirə bilər.
Ətraf marşrutlar
Bu marşrutu Yerği kek – Kuzun marşrutu ilə birləşdirə bilərsiniz.
Qida və gecələmə
Lazadan fərqli olaraq Kuzun kəndi turistik kənd deyil. Burada yalnız bir qonaq evi var. Kuzunda körpünün yanında dükan var (yayda müəyyən saatlarda işləyir). Kafe və ya restoran yoxdur. Gecələmək üçün qonaq evləri, hotel və digər gecələmə yerlərini marşrutun xəritəsində tapa bilərsiniz.
Su
Kənddən çıxmamış kəndlilərin həyətlərindəki bulaqlardan suqabılarınızı doldura bilərsiniz. Kəndin içində su doldura biləcəyiniz bulaq yoxdur. Havanın istiliyindən asılı olaraq ən azı 1,5-2 l su ehtiyatı götürməyiniz məsləhətdir. Marşrut boyunca yalnız bir yerdə içməli bulaq suyu var. Bu bulağı Qusarçayın dərəsində, ağacların arasından keçəndə görəcəksiniz (Kuzun kəndindən təxminən 4 km məsafədə).
Nəqliyyat
Qusarın mərkəzindən Kuzuna yalnız yerli taksilər ilə 25-30 AZN qarşılığında getmək olar. Həmin gün Kuzundan geri qayıdacaqsınızsa, sürücü sizi gözləyə və əlavə ödəniş tələb etmədən Qusara geri qaytara bilər. Yenə həmin gün Laza kəndinə yürüş edəcəyiniz təqdirdə yürüşün sonunda Laza kəndindən eyni sürücüyə 10 AZN əlavə ödəniş etməklə geri qayıda bilərsiniz.
İcazələr və xüsusi mühafizə edilən ərazilər
Bu marşrutla hərəkət etmək üçün öncədən heç bir icazə almaq tələb edilmir. Cığır heç bir xüsusi mühafizə olunan təbiət ərazisindən və ya sərhəd mühafizə zolağından keçmir.