praktiki məlumat

praktiki məlumat

Səyahətin planlaşdırılması bəzən mürəkkəb görünə bilər. Azərbaycana səfərinizi daha rahat və xoş etmək üçün əvvəlcədən bilməli olduğunuz əsas məlumatları bir araya topladıq.

Azərbaycana səfərinizi planlaşdırarkən nəzərə alınmalı məqamlar

Yeni ölkəni və onun mədəniyyətini kəşf etmək ilk baxışda çətin görünə bilər. Narahat olmayın! Bu səhifədə Azərbaycana rahat gəlməyiniz, ölkəni sərbəst gəzməyiniz və səyahətinizdən maksimum zövq almağınız üçün lazım olan praktik məlumatlarla tanış ola bilərsiniz.

Səfərdən əvvəl

Səfərdən əvvəl

Əvvəlcədən planlaşdırma Azərbaycana səfərinizin rahat və xoş keçməsinə kömək edə bilər. Səfərdən əvvəl ölkəyə giriş tələbləri, gömrük qaydaları, avtomobil idarəetmə qaydaları və səyahət sığortası seçimləri ilə tanış olun.

Ölkəyə giriş tələbləri və vizalar barədə məlumat üçün Azərbaycana turist vizası səhifəmizə daxil olun.

Səfərdən əvvəl Azərbaycanın gömrük qaydaları ilə tanış olaraq hansı malları ölkəyə gətirə və ya ölkədən çıxara biləcəyinizi öyrənin. Buraya alkoqollu içkilər, tütün məmulatları, ərzaq məhsulları, dərman vasitələri, valyuta və qadağan olunmuş əşyalarla bağlı məhdudiyyətlər də daxildir.

Ən son qaydalar və gömrük ödənişlərindən azad olunan mallar üzrə normalar barədə məlumat üçün Dövlət Gömrük Komitəsinin səyahətçilər üçün məlumat səhifəsinə daxil olun.

Azərbaycanda qüvvədə olan qaydalarda müəyyən edilmiş müddətdən artıq qalan əcnəbilər müəyyən olunmuş prosedurlara uyğun olaraq olduqları yer üzrə qeydiyyata alınmalıdırlar. Qeydiyyat ödənişsizdir və səyahətçinin özü və ya yerləşmə xidməti göstərən tərəf, məsələn, hotel tərəfindən həyata keçirilə bilər. Qaldığınız yeri dəyişdikdə yeni ünvan üzrə beş iş günü ərzində qeydiyyata alınmağınız tələb oluna bilər. Ətraflı məlumat və onlayn qeydiyyat üçün Dövlət Miqrasiya Xidmətinin saytına daxil olun.

Fövqəladə hallar və təhlükəsizlik

Fövqəladə hallar və təhlükəsizlik

Səyahətçilər Azərbaycana səfərləri zamanı təhlükəsizlik baxımından rahat ola bilərlər. Xırda cinayətkarlığın aşağı səviyyəsi ilə seçilən ölkə dünyanın ən təhlükəsiz turizm məkanlarından biridir. Bu da ətrafı təhlükəsizliklə bağlı minimum narahatlıqla gəzməyə, kəşf etməyə və səfərdən zövq almağa imkan verir. Fövqəladə hallarda aşağıdakı nömrələrə günün 24 saatı müraciət edə bilərsiniz:

102 — Polis

103 — Təcili tibbi yardım

112 — Fövqəladə Hallar Nazirliyi

Ucqar kəndlərə və kənd ərazilərinə səfər edərkən sahibsiz itlərə, evləri və ya mal-qaranı qoruyan heyvanlara, eləcə də vəhşi heyvanlara qarşı ehtiyatlı olun. Tanımadığınız heyvanlara yaxınlaşmayın, onları yemləməyin və həmişə təhlükəsiz məsafə saxlayın.

Səfəriniz zamanı hər hansı problemlə qarşılaşsanız və ya turizmlə bağlı şikayət bildirmək istəsəniz, Azərbaycan Turizm Bürosu ilə əlaqə saxlaya bilərsiniz:

Telefon: +994 12 505 8704 Daxili nömrələr: 1941 / 1925 / 1905 / 1909 E-poçt: [email protected]

İnternet və mobil rabitə

İnternet və mobil rabitə

Wi-Fi kafelərdə, parklarda, restoranlarda və turizm məkanlarında, xüsusilə şəhər mərkəzlərində geniş yayılıb. Bir çox məkan pulsuz Wi-Fi təqdim edir ki, bu da Azərbaycanı kəşf edərkən əlaqədə qalmağa imkan verir.

Mobil operatorlar 4G mobil şəbəkələri vasitəsilə internetə qoşulmaq üçün nisbətən ucuz USB modemlər təklif edirlər.

Ziyarətçilər yerli SIM kartı Heydər Əliyev Beynəlxalq Aeroportunda, Bakıda və digər şəhərlərdəki mobil operator mağazalarında əldə edə bilərlər. Yerli SIM kartlar səfəriniz ərzində mobil internetdən, zənglərdən və SMS xidmətindən rahat istifadə etməyə imkan verir. SIM kartları yalnız mobil operatorların rəsmi satış ofislərindən almağınız tövsiyə olunur. Turistlər üçün SIM paketlər və mövcud təkliflər barədə ətraflı məlumat üçün yerli mobil operatorların saytlarına daxil olun:

Bakcell — TravelSIM

Azercell — turist tarifləri

Nar — TouristSIM

Azərbaycanda C və F tipli elektrik rozetkalarından istifadə olunur. Standart elektrik gərginliyi 220 V, tezliyi isə 50 Hz-dir. Cihazınızın elektrik fişi fərqli tipdədirsə, səyahət adapterinə ehtiyacınız ola bilər.

Təbiəti təhlükəsiz kəşf edin

Təbiəti təhlükəsiz kəşf edin

Azərbaycanın dağları və mənzərəli cığırları təbiəti kəşf etmək üçün gözəl imkanlar yaradır. Yola çıxmazdan əvvəl hava şəraitini və planlaşdırdığınız marşrutu yoxlayın, özünüzlə kifayət qədər su götürün və hara getdiyiniz barədə kiməsə məlumat verin.

Bəzi piyada yürüş marşrutları mal-qaranın otarıldığı yaylaqlardan keçir. Bu ərazilərdə rast gəldiyiniz itlər adətən sahibsiz deyil, sürüləri qoruyan çoban itləridir. Onlar tanımadıqları insanları qoruduqları heyvanlar üçün potensial təhlükə kimi qəbul edə bilərlər. Mal-qaradan təhlükəsiz məsafə saxlayın, sürülərə yaxınlaşmayın və imkan daxilində təhlükəsiz keçid barədə çobandan məsləhət alın.

Çoban iti ilə qarşılaşdıqda onun təhlükə kimi qəbul edə biləcəyi davranışlardan çəkinin. Sakit qalın, qaçmayın, qəfil hərəkətlər etməyin və itin gözlərinə birbaşa baxmayın. İt sizə yaxınlaşarsa, dayanın və sakitliyinizi qoruyun. Təhlükəsiz olduqda yavaş-yavaş uzaqlaşın və lazım gələrsə, başqa marşrut seçin.

Valyuta və ödənişlər

Valyuta və ödənişlər

Ölkənin pul vahidi Azərbaycan manatıdır (AZN). Şəhərlərdə və turistlərin çox ziyarət etdiyi ərazilərdə mağaza və restoranlarda kartla ödəniş geniş qəbul olunur. Kənd yerlərində isə çox vaxt nağd ödənişə üstünlük verilir. Böyük şəhər və qəsəbələrdə Visa və Mastercard kartlarını qəbul edən bankomatlar geniş yayılıb. Valyutadəyişmə xidmətləri də mövcuddur və səfəriniz ərzində pul dəyişməyi asanlaşdırır.

Ən son rəsmi valyuta məzənnələri üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının saytına daxil olun.

Valyutanı Heydər Əliyev Beynəlxalq Aeroportunda, lisenziyalı valyutadəyişmə məntəqələrində, banklarda və şəhərdəki bəzi ticarət mərkəzlərində dəyişmək mümkündür.

Azərbaycanda bəxşiş yaxşı xidmətə görə təşəkkür jesti kimi məmnuniyyətlə qarşılanır. Yaxşı xidmətə görə təxminən 5–10% həcmində bəxşiş adətən təqdir olunur. Bəxşiş verməzdən əvvəl xidmət haqqının artıq hesabınıza daxil edilib-edilmədiyini yoxlayın.

Qonşu ölkələrə səyahət

Qonşu ölkələrə səyahət

Azərbaycan qonşu ölkələrə səfəri davam etdirmək üçün bir neçə imkan təklif edir. Bunlara Gürcüstana dəmir yolu bağlantıları, quru sərhəd-keçid məntəqələri vasitəsilə avtomobil nəqliyyatı ilə səyahət və Xəzər dənizi üzərindən bərə reysləri daxildir. Səfərdən əvvəl qüvvədə olan səyahət tələblərini və yola düşmə məlumatlarını yoxlayın.

Gürcüstana qatarla səyahət

Bakı–Tbilisi–Bakı qatarından Azərbaycan vətəndaşları və Azərbaycana vizasız daxil olmaq hüququ olan əcnəbilər istifadə edə bilərlər. Səyahətçilər yola düşməzdən əvvəl Gürcüstana giriş üçün qüvvədə olan tələbləri yoxlamalıdırlar. Hərəkət cədvəli və biletlər üçün Azərbaycan Dəmir Yollarının (ADY) saytına daxil olun.

Quru sərhəd-keçid məntəqələri

Əcnəbilər qüvvədə olan sərhəd prosedurlarına riayət etməklə Azərbaycanı quru sərhəd-keçid məntəqələri vasitəsilə tərk edə bilərlər. Bakı Beynəlxalq Avtovağzalından Azərbaycan–Gürcüstan sərhədindəki Qırmızı Körpü sərhəd-keçid məntəqəsinə birbaşa avtobuslar səfərinizi davam etdirmək üçün seçimlərdən biri ola bilər. Marşrutları, hərəkət cədvəllərini və biletlərin mövcudluğunu Biletim.az saytında yoxlayın.

Xəzər dənizi üzərindən bərə ilə səyahət

Sərnişinlər Bakı yaxınlığındakı Ələt limanından Qazaxıstanın Kurık və Türkmənistanın Türkmənbaşı limanlarına bərə ilə səyahət edə bilərlər. Yola düşmə vaxtları gəmilərin mövcudluğundan, yük əməliyyatlarından və hava şəraitindən asılıdır. Buna görə səfərlər sabit cədvəl üzrə həyata keçirilməyə bilər.

Əcnəbilər qüvvədə olan prosedurlara riayət etməklə Azərbaycanı dəniz yolu ilə tərk edə bilərlər. Bilet almadan əvvəl gedəcəyiniz ölkənin giriş tələblərini yoxlayın və yola düşmə ilə bağlı məlumatları operatorla dəqiqləşdirin. Bərə reysləri və sərnişin biletləri barədə məlumat üçün Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) saytına daxil olun.

İctimai nəqliyyat

İctimai nəqliyyat

Azərbaycanda metro sistemi yalnız paytaxt Bakıda fəaliyyət göstərir. Metro saat 06:00-dan 00:00-dək işləyir. Stansiyalar, qatarlar və digər infrastruktur təmiz və təhlükəsizdir. Qatarlar hər iki–üç dəqiqədən bir hərəkət edir. İki xətt mövcuddur: İçərişəhərdən Həzi Aslanova qədər uzanan Qırmızı xətt və Xətaidən Dərnəgülə qədər uzanan Yaşıl xətt.

Avtobuslar Bakıda hərəkət etmək üçün sərfəli nəqliyyat vasitəsidir və hərəkət cədvəlləri adətən dayanacaqlarda yerləşdirilir. Avtobusda və Bakı metrosunda bir gediş 60 qəpikdir. Alternativ olaraq taksilərdən də geniş istifadə etmək mümkündür. Bakıda bir neçə lisenziyalı taksi şirkəti fəaliyyət göstərir. Bunlardan ən tanınmışları Baku Taxi Company və 189 Taxi şirkətləridir. UBER, Yango, Bolt və digər taksi tətbiqləri də mövcuddur.

Hazırda metronun Nizami və 28 May stansiyaları arasındakı hissəsində tikinti işləri aparılır. Marşrutunuz tikinti aparılan ərazidən keçirsə, səfərinizi davam etdirmək üçün ekspres avtobus marşrutlarından istifadə edə bilərsiniz. Ekspres avtobuslar barədə ətraflı məlumat üçün bu keçidə daxil olun: https://metro.gov.az/en/route-change.

Airport Express avtobusları Heydər Əliyev Beynəlxalq Aeroportu ilə Bakı şəhər mərkəzi arasında hərəkət edir. Avtobuslar gündüz hər 15 dəqiqədən bir, gecə isə hər 45 dəqiqədən bir işləyir. Bir gedişin qiyməti 1,30 AZN-dir. Sərnişinlər ödənişi “BakıKart” və ya beynəlxalq təmassız bank kartı ilə edə bilərlər. “BakıKart”ı aeroportda və avtobus dayanacaqlarında 2,00 AZN-ə almaq mümkündür.

Avtobus və qatarlar ölkə daxilində səyahət üçün də rahat və sərfəli nəqliyyat vasitələridir. Heydər Əliyev Beynəlxalq Aeroportundan Naxçıvana gündəlik birbaşa uçuşlar, Bakı Beynəlxalq Avtovağzalından isə avtobus reysləri həyata keçirilir. Avtobus və qatar biletlərini bu keçid vasitəsilə onlayn əldə etmək mümkündür: https://biletim.az/en/.

Bakıdan Şəki, Gəncə, Qəbələ, Şəmkir və Azərbaycanın digər şəhərlərinə birbaşa dəmir yolu bağlantıları mövcuddur. Qatarların hərəkət cədvəlləri, bilet qiymətləri və onlayn bilet alışı üçün Azərbaycan Dəmir Yollarının (ADY) saytına daxil olun.

Din

Din

Əhalinin əksəriyyəti müsəlmandır. Azərbaycan dünyəvi ölkədir: dini geyim tələb olunmur, alkoqollu içkilər isə geniş satışdadır. Ölkəmiz müxtəlif xalqları və mədəniyyətləri bu torpaqlara gətirən İpək Yolunun mirası olan multikulturalizmi və tolerantlığı ilə fəxr edir.

Müsəlmanlarla yanaşı, burada xristianlar, yəhudilər, hindular, zərdüştilər və başqa dinlərin ardıcılları yaşayır və hər birinin ibadət məkanları var.

Saat qurşağı

Saat qurşağı

Azərbaycan Qrinviç vaxtından 4 saat irəlidir (GMT+4).

2016-cı ildən yay vaxtına keçilmir. Qışda Böyük Britaniya ilə 4, Qərbi Avropa ilə 3 saat fərq olur. Aprel–oktyabrda fərq müvafiq olaraq 3 və 2 saatdır.

Alış-veriş

Alış-veriş

Bakıda əksər beynəlxalq məhsulları tapmaq mümkündür. Müasir ticarət mərkəzləri, dizayner butikləri, canlı ənənəvi bazarlar, sənətkarlıq məhsulları, əntiq əşyalar və suvenirlər satan zəngin çeşidli mağazalar geniş seçim yaradır. İxrac sertifikatı yalnız xalçalar, incəsənət əsərləri və əntiq əşyalar üçün tələb olunur. Ölkədən kürü çıxarılması limiti 125 qramdır.

Sərfəli səyahət

Sərfəli səyahət

Azərbaycan dünyanın səyahət üçün ən sərfəli ölkələrindən biridir. Məsələn, Bakıda qalmaq orta hesabla istənilən digər Avropa metropolisi ilə müqayisədə nəzərəçarpacaq dərəcədə az xərc tələb edir. Gözəl və ultramüasir hotellərdən tutmuş münasib qiymətli kirayə tətil evlərinə qədər müxtəlif yerləşmə məkanlarında yüksək keyfiyyətli xidmətlərin rəqabətədavamlı qiymətlərlə təqdim olunması bu maraqlı ölkəyə səfərin əlavə üstünlüklərindəndir.

Dil

Dil

Azərbaycan dili ölkənin rəsmi və ən geniş danışılan dilidir. Bakıda, xüsusilə hotellərdə, restoranlarda və turizm məkanlarında ingilis və rus dillərini anlayanlar çoxdur. Bununla belə, kiçik şəhərlərdə və kənd yerlərində ingilis dili daha az yayıla bilər. Buna görə yerli dildə bir neçə sadə ifadə bilmək faydalıdır. Səfərinizi daha rahat və xoş etmək üçün Faydalı söz və ifadələr bələdçimizdən Azərbaycan dilində bir neçə söz və ifadə öyrənin.

Yerləşmə

Yerləşmə

Azərbaycan lüks hotellər və istirahət komplekslərindən tutmuş butik hotellərə, qonaq evlərinə və kirayə tətil evlərinə qədər geniş yerləşmə seçimləri təklif edir. Ölkədə rəsmi təsnifata malik hotelləri tapmaq üçün Sertifikatlaşdırılmış hotellərin siyahısına nəzər salın.

 

xəbər bülletenimizə abunə olun