dağlar qoynuna səyahətDuruca kəndi
Uca Şahdağın ətəyində, sıldırım qayalar və sıx meşələrlə əhatələnən Duruca kəndi Qəbələnin füsunkar mənzərəsi ilə seçilən kəndlərindən biridir. Şəhər mərkəzindən cəmi 3 km aralıda, Tufandağ Qış-Yay Turizm İstirahət Kompleksinin ilk stansiyasına yaxın olan bu kənd ziyarətçilərinə dağların qoynunda ideal istirahət imkanı yaradır.
Kəndin adı şimalında yerləşən Duruca şəlaləsindən axan eyniadlı çaydan götürülmüşdür. Bu şəlalə kəndin ən yüksək nöqtəsində yerləşir və ziyarətçilər üçün möhtəşəm mənzərə təqdim edir. Yaşıl təpələr arasında, çayın sahilində təqribən 120-yə yaxın ev pilləvari şəkildə düzülərək kəndə özünəməxsus gözəllik qatır.
Yaylaqlar və dağ bulaqları burada həm otlaq sahələri yaradır, həm də əsrlərdir davam edən yarımköçəri maldarlıq ənənəsini davam etdirir. Kənd sakinləri yaz-yay aylarında mal-qara sürülərini yüksək dağ yaylaqlarına aparır, qış aylarında isə yenidən kəndə qayıdırlar.
Duruca kəndinin Tufandağ Qış-Yay Turizm İstirahət Kompleksi ilə yaxınlığı onu qış idmanı və istənilən fəsildə əlçatan olan dağ macəraları üçün əsas turistik mərkəzlərdən birinə çevirir.