Azərbaycan qış idmanları üzrə dünya arenasında

Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) Olimpiya və Paralimpiya xizək və snoubord növlərinə nəzarət edən qlobal qurumdur. 1924-cü ildə təsis olunan FIS bu gün 141 ölkəni bir araya gətirərək qış idman növlərinin inkişafını və dünyada tanıdılmasını təşviq etməyi qarşısına məqsəd qoyur.

qlobal səviyyəlitərəfdaşlıq

Azərbaycan qış idmanları üzrədünya arenasında

FIS dağ xizəyi, kross-kantri, xizəklə tramplindən tullanma, xizək ikinövçülüyü (“Nordic Combined”), fristayl və snoubord daxil olmaqla, Olimpiya proqramındakı bütün əsas növlərə nəzarət edir. Həmçinin federasiya Paralimpiya idmançıları üçün dağ xizəyi, kross-kantri və snoubord disiplinlərinə, eləcə də “Freeride World Tour” kimi qeyri-Olimpiya növlərinə cavabdehdir.

Eyni zamanda FIS Dünya çempionatları, Dünya kuboku yarışlarını təşkil edir, o cümlədən yarışların keçirilməsi, idmançıların inkişafı və qış idman növlərinin gələcəyi üçün qlobal standartları müəyyənləşdirir.

Keçən mövsümdə başlanmış uğurlu əməkdaşlığı davam etdirərək FIS ilə Azərbaycan Turizm Bürosu arasındakı tərəfdaşlıq ikinci mövsümünə qədəm qoyur və bununla da Azərbaycanın beynəlxalq qış idmanı ictimaiyyətindəki mövqeyini daha da möhkəmləndirir. Tərəfdaşlıq çərçivəsində FIS öz fəaliyyətini genişləndirərək, Azərbaycanı “Global Destination Partner” statusunda təmsil edir və ölkənin bütün il boyu turizm istiqaməti və qış idmanı mərkəzi kimi artan potensialını nümayiş etdirir.

Azərbaycan həm aktiv qış istirahəti, həm də peşəkar idman fəaliyyətləri üçün bütün şəraitə malikdir. Bakıdan cəmi 2,5 saatlıq məsafədə yerləşən “Şahdağ” Turizm Mərkəzi, müxtəlif səviyyəli xizəkçilər üçün 35 kilometrdən çox eniş yolu, slalom, nəhəng slalom və super nəhəng slalom enişləri, həmçinin beynəlxalq yarışların keçirilməsi üçün müasir infrastruktur təklif edir. Ölkəmizin digər məşhur dağ xizək mərkəzləri — Qəbələdəki “Tufandağ” və Naxçıvandakı “Ağbulaq” kurortları da qış turizmi həvəskarları arasında xüsusilə populyardır.

Tərəfdaşlığın ikinci mövsümünə qədəm qoyan Azərbaycan əvvəlki mövsümün uğurunu davam etdirir və bununla qış idmanının inkişafına, eləcə də ölkənin dünya idman arenasındakı nüfuzunun artırılmasına sadiq qaldığını göstərir. Bu istiqamətdə ölkə yaxın illərdə bir sıra mühüm beynəlxalq yarışlara ev sahibliyi etməyi planlaşdırır. Onların arasında 6–7 fevral 2027-ci il tarixlərində keçiriləcək FIS Dağ xizəyi üzrə Avropa kuboku və 5–7 mart 2027-ci il tarixlərində planlaşdırılan FIS Fristayl üzrə Dünya kuboku finalı da yer alır.

Qeyd etmək vacibdir ki, Azərbaycan artıq özünü Formula 1 və Avropa oyunlarından tutmuş Cüdo üzrə Dünya çempionatlarına və Xizək alpinizmi üzrə Dünya kuboku mərhələlərinə qədər genişmiqyaslı idman tədbirlərinin etibarlı təşkilatçısı kimi tanıtmışdır. Bu təcrübə yeni beynəlxalq yarışların keçirilməsi üçün möhkəm zəmin yaradır və ölkənin qış turizmi potensialını geniş beynəlxalq auditoriyaya təqdim etməyə imkan verir.

 

xəbər bülletenimizə abunə olun