Lənkərandakənd təsərrüfatı turları
Azərbaycanda sitrus meyvəçiliyinin vətəni sayılan cənub zonası, xüsusilə Lənkəranın isti, subtropik iqlimi sitrus meyvələri yetişdirmək üçün olduqca əlverişlidir. Rayona payızın əvvəlində səfər etsəniz, naringi, limon və kinkanla dolub-daşan rəngarəng kənd bağlarını görə bilərsiniz. Daha sonra həmin meyvələrdən fərqli mürəbbələr hazırlanması ilə tanış ola bilərsiniz. Lənkəran tarixən özünün yüksək keyfiyyətli ətirli çayı, düyüsü, faraş tərəvəzi, sitrus meyvələri, gözəl təbiəti və təbii ehtiyatları ilə şöhrət qazanıb. Lənkəran tarixən öz çəltik plantasiyaları ilə tanınsa da, burada çayçılıq təsərrüfatı 1930-cu illərdən çiçəklənməyə başlayıb və tezliklə çay şəhərin simvoluna çevrilib. Heç də təsadüfi deyildir ki, Lənkəranda nəhəng samovar abidəsi ucaldılmışdır.
Yerli çay plantasiyalarına və sitrus meyvə bağlarına turlar da təşkil olunur. Həmin turları xüsusi bələdçilər vasitəsilə sifariş edə bilərsiniz. Lənkəranda maraqlı məkanlardan biri də Talışlı kəndində yerləşən bambuk plantasiyasıdır. Burada özünüzü bir anlığa Yaponiyaya düşmüş kimi hiss edəcəksiniz. Təbii üsulla müalicə sizə maraqlıdırsa, Lənkəranda fəaliyyət göstərən “Balçı Səyavuş” - arı, arı məhsulları ilə müalicə və balçılıq təsərrüfatına hökmən baş çəkməlisiniz. Burada arı vasitəsi ilə müalicə almaqla yanaşı, arı məhsullarının dadına baxmaq da mümkündür. Hər ilin payızında keçirilən Lənkəran Çay, Çəltik və Sitrus Festivalında rayonun ən yaxşı məhsullarından dada bilərsiniz.