Arıların sirlidünyasına səyahət
Lənkəran rayonunun Şovu kəndində yerləşən muzey arıların möcüzəli dünyasına fərqli prizmadan baxmağa imkan yaradır. Burada tarix müasir yanaşmalarla qovuşur, ekspozisiya ilə tanışlıq isə yaddaqalan təəssüratların yalnız başlanğıcı olur.
Muzeydə tarixi arıçılıq alətləri, ənənəvi və müasir arı pətəkləri, bal istehsalında istifadə olunan avadanlıqlar, eləcə də Azərbaycanda arıçılığın inkişaf yolundan bəhs edən eksponatlar nümayiş etdirilir. Ayrı-ayrı guşələrdə arıların biologiyası və apiterapiya haqqında maraqlı məlumatlarla tanış olmaq mümkündür.
Sonra aqroturizm təsərrüfatının ərazisində yerləşən arıxanaya baş çəkməyi unutma. Burada arı ailəsinin həyatını yaxından müşahidə edə, balın necə əldə olunduğunu öyrənə və arıçı peşəsinin incəliklərini kəşf edə bilərsən.
Səfərin ən maraqlı hissələrindən biri isə təbii balın dequstasiyasıdır. Müxtəlif bal növləri Lənkəranın zəngin dad və ətir dünyasını kəşf etməyə imkan verir. Bəyəndiyin balı və digər arıçılıq məhsullarını elə burada əldə etmək olar.
“Balçı Səyavuş” arıçılıq muzeyi ailələr, təbiət həvəskarları və fərqli təcrübələr axtaran hər kəs üçün maraqlı ziyarət ünvanıdır. Əgər Azərbaycanın cənub bölgəsinə səyahət planlaşdırırsansa, bu məkanı marşrutuna mütləq əlavə et. Buradan həm yeni biliklər, həm də uzun müddət yadda qalacaq xoş təəssüratlarla ayrılacaqsan.
Əlavə məlumat üçün:
Tel.: +994 55 331 54 54






















