Şuşa

mədəniyyət paytaxtı əfsanəvi mənzərələr

Şuşanın Azərbaycan xalqının qəlbində özünəməxsus yeri və dəyəri var. Bu qədim şəhəri təsadüfən Azərbaycanın mədəniyyət paytaxtı adlandırmırlar – Şuşa musiqi, ədəbiyyat və xalçaçılığın mərkəzi, təbiət gözəllikləri və tarixi-mədəni irsin vəhdət tapdığı unikal məkandır.   

Qarabağ xanlığının paytaxtı olmuş Şuşa Kiçik Qafqaz dağlarının yaratdığı gözəlliklərin qoynunda yerləşir. Təbiətin öz möcüzələrini əsirgəmədiyi bu şəhərin yetişdirdiyi şairlər, rəssamlar, memarlar, musiqiçilər ölkənin tarixi-mədəni irsinə öz töhfələrini vermişdirlər. Bu səbəbdən də Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edilmişdir.

Tarix

Əsası 18-ci əsrin ortalarında Pənahəli xan tərəfindən qoyulan şəhər-qala ilk illərdə Pənahabad, sonralar isə bu yerin qədim adı ilə Şuşa adlandırılıb. Şuşa şəhərinin salınmasının qədim izləri bu gün də öz əzəmətini saxlayır. Onların arasında şəhərin tarixi mərkəzini əhatə edən qala divarlarının qalıqları xüsusilə seçilir. Şuşa Qarabağ xanlığının süqutuna, yəni 1822-ci ilə qədər xanlığın paytaxtı olmuşdur.

Məscidlər

Şəhərin əsas tarixi abidələri arasında memarlığı ilə seçilən qədim məscidlər xüsusi yer tutur. Onlardan Yuxarı GövhərağaAşağı Gövhərağa məscidləri öz görkəmi ilə fərqlənirlər. Hər iki məscid 19-cu əsrdə İbrahimxəlil xanın qızı Gövhərağanın sifarişi ilə Qarabağda əksər məscidlərin memarı olmuş Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilmişdir. Yuxarı Gövhərağa məscidinin minarələrinin naxışlarını isə digər qarabağlı məşhur Mir Möhsün Nəvvab işləmişdi. Memarlıq üslubu və minarələri ilə diqqət çəkən məscidlər erməni təcavüzü nəticəsində dağıntıya məruz qalmışdı. 2021-ci ilin may ayında Şuşada təməli qoyulan yeni məscidin ümumi görünüşü şəhərin azad olunduğu günün – 8 noyabr tarixinin şərəfinə səkkiz rəqəmini, minarələri isə on biri xatırladacaq.

Xalça muzeyi

Azərbaycan xalçaçılıq sənətinin qədim mərkəzi olan Şuşada Qarabağın əsrarəngiz təbiətindən ilhamlanaraq toxunan parlaq rəngli, zərif naxışlı xalçaların şan-şöhrəti uzaq ölkələrə qədər yayılmışdır. Şuşada ötən əsrin 80-ci illərində Qarabağ xalçaçılıq ənənələrinin yaşadılması məqsədilə Mehmandarovlar nəslinə məxsus XVIII əsr abidəsi olan malikanədə xalça muzeyi yaradılmışdır. Təəssüf ki, Şuşanın işğalı zamanı muzeydə qorunan eksponatların yalnız bir qismini xilas etmək mümkün olmuşdur. Uzun müddət Bakıda Azərbaycan Xalça Muzeyində saxlanılan bu eksponatlar artıq öz doğma evinə qaytarılır.

Vaqifin məqbərəsi

18-ci əsr Azərbaycan ədəbi mühitində xüsusi yer tutan Molla Pənah Vaqifin (1717-1797) yaradıcılığının böyük hissəsi məhz Şuşa ilə bağlı olmuşdur. Öz lirikasında realizmə, xəlqiliyə, nikbinliyə geniş yer verən Vaqif həmçinin İbrahimxəlil xanın vəziri vəzifəsinə də yüksəlmişdir. Vaqifin ədəbi və ictimai fəaliyyətini əbədiləşdirmək üçün 1982-ci ildə məşhur Cıdır düzündə, şairin həlak olduğu və dəfn edildiyi qayalı təpədə ucaldılmış məqbərə Şuşanın görkəmli tikililərindən hesab olunur. Birinci Qarabağ müharibəsi illərində dağıdılmış məqbərədə hazırda təmir işləri aparılır.

Məşhur şuşalılar

Azərbaycanın ədəbi, mədəni və ictimai həyatında xüsusi iz buraxmış görkəmli şəxsiyyətlərin arasında şuşalılar da az deyil. Sonuncu Qarabağ xanı Mehdiqulu xanın qızı Xurşidbanu Natəvan təkcə gözəl şeirlər müəllifi və rəssam kimi deyil, həm də xeyriyyəçilik fəaliyyəti ilə ad çıxarmışdı. Natəvan Şuşaya su kəməri çəkdirmiş və bu bulaq “Xan qızı bulağı” kimi tanınmışdır. Şuşa buranın səfalı havası və bulaqlarının suyu ilə böyümüş məlahətli səs sahibləri və dahi musiqiçilərin vətəni olduğu üçün onu “Qafqazın konservatoriyası” da adlandırırlar. Azərbaycan peşəkar musiqisi sənətinin banisi və Şərqin ilk operasının müəllifi, dahi bəstəkar Üzeyir Hacıbəyli, musiqi mədəniyyətimizdə silinməz izlər buraxmış Xan Şuşinksi, Seyid Şuşinski, Bülbül, Niyazi Şuşanın yetişdirdiyi görkəmli musiqiçilər sırasındadırlar.

Cıdır düzü

Təbiəti ilk baxışdan adamı valeh edən Şuşanı seyrə çıxarkən hər tərəfdə bir təbiət möcüzəsinə rast gəlmək mümkündür. Şəhərin cənub tərəfində yerləşən Cıdır düzünün gözəlliyini isə sözlə təsvir etmək mümkün deyil. Cıdır düzündən 200 metr aşağıda axan Daşaltı çayı dərəsinə və Kiçik Qafqaz dağlarına açılan möhtəşəm mənzərəni seyr etmək olar. Qədim dövrlərdən bu düzənlik cıdır yarışlarının, çövkən oyununun, Novruz bayramı şənliklərinin keçirildiyi məkan olmuşdur. Şuşa şəhəri işğaldan azad olunduqdan sonra 2021-ci ilin may ayında Cıdır düzündə uzun illərdən sonra yenidən “Xarı bülbül” musiqi festivalı təşkil edilmişdir.

Çətir şəlaləsi

Daşaltı dərəsinin heyrətamiz gözəlliyinin əhatəsində yerləşən Çətir şəlaləsinin adı onun əmələ gətirdiyi çətirəbənzər forma ilə bağlıdır. Mamırla örtülmüş daş mağaranın üstündən axan suyun yaratdığı mənzərə və şəlalənin səsi insanı ovsunlayır. Bu səbəbdən də şəlalənin ətrafı şuşalıların və Şuşaya qonaq gələnlərin sevimli istirahət məkanlarından biri olub.

Experience Azerbaijan #4Summer / Autumn 21

Qədim tarixi abidələr, unikal mədəni irs nümunələri və əsrarəngiz təbiət mənzərələrinin məskəni olan Qarabağ Sovet dövründə ölkəmizin məşhur turizm bölgələrindən biri idi. İşğaldan azad olunduqdan və Prezident İlham Əliyevin Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan etməsindən sonra bu bölgənin turizm potensialının inkişaf etdirilməsi strateji prioritetə çevrilib.

Daha ətraflı “Experience Azerbaijan” jurnalının 4-cü sayında oxuya bilərsiniz.

QALEREYA

xəbər bülletenimizə abunə olun