Azərbaycana turist vizası
Azərbaycana daxil olmaq üçün vizaya ehtiyacınızın olub-olmadığını öyrənin və elektron vizanın alınması qaydası ilə tanış olun. Bu proses sadə və sürətlidir.
Bəzi ölkələrin vətəndaşları Azərbaycan vizasını elektron qaydada əldə edə, müəyyən ölkələrin vətəndaşları isə ölkəyə vizasız səfər edə bilərlər. Digər ölkələrin vətəndaşları viza almaq üçün Azərbaycan Respublikasının ən yaxın səfirliyinə müraciət etməlidirlər.
Azərbaycana səfər zamanı viza tələbləri şəxsin vətəndaşlığından, malik olduğu səyahət sənədinin növündən və tətbiq olunan viza rejimindən asılıdır. Əksər ölkələrin vətəndaşları ölkəyə gəldikdən sonra viza ala və ya elektron viza üçün müraciət edə bilərlər. Bəzi səyahətçilər viza tələbindən azaddırlar. Digərləri isə turist vizası almaq üçün Azərbaycan Respublikasının ən yaxın səfirliyinə müraciət etməlidirlər.
Bəzi ölkələrin vətəndaşları müəyyən edilmiş müddət ərzində Azərbaycana vizasız daxil ola bilərlər. Ölkədə qalmağa icazə verilən müddət və tətbiq olunan şərtlər səyahətçinin vətəndaşlığından və müvafiq beynəlxalq razılaşmalardan asılı olaraq dəyişir. Vizasız giriş hüququ olan ölkələrin siyahısı və ən son məlumatlarla tanış olmaq üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsinə daxil olun.
Elektron viza almaq hüququ olan səyahətçilər rəsmi ASAN Viza portalı vasitəsilə müraciət edə bilərlər. Standart elektron viza, bir qayda olaraq, üç iş günü ərzində, təcili elektron viza isə üç saat ərzində rəsmiləşdirilir. Elektron viza 90 gün müddətində etibarlıdır və ölkə ərazisində 30 günədək qalmağa icazə verir. Viza birdəfəlik giriş üçün verilir. Pasportun və ya digər uyğun səyahət sənədinin etibarlılıq müddəti elektron vizanın bitmə tarixindən sonra ən azı üç ay davam etməlidir. Müraciət edən şəxslər ərizədə göstərilən məlumatların Azərbaycana daxil olarkən istifadə edəcəkləri səyahət sənədindəki məlumatlarla eyni olduğuna əmin olmalıdırlar. Elektron viza üçün müraciət edə bilən ölkələrin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərsiniz.
Bəzi ölkələrin vətəndaşları Azərbaycandakı müəyyən edilmiş beynəlxalq hava limanlarında ölkəyə gəliş zamanı viza almaq hüququna malik ola bilərlər. Viza almaq hüququ və müvafiq şərtlər səyahətçinin vətəndaşlığından və qüvvədə olan viza qaydalarından asılıdır. Ətraflı məlumat üçün Dövlət Miqrasiya Xidmətinin müvafiq internet səhifəsinə daxil olun.
Azərbaycanda müvafiq qanunvericiliklə müəyyən edilmiş müddətdən artıq qalan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduqları yer üzrə müəyyən edilmiş qaydada qeydiyyata alınmalıdırlar. Qeydiyyat ödənişsizdir və həm səyahətçinin özü, həm də yerləşmə vasitəsinin, məsələn, mehmanxananın nümayəndəsi tərəfindən həyata keçirilə bilər. Olduğunuz yeri dəyişdiyiniz halda, yeni ünvanınız üzrə beş iş günü ərzində qeydiyyata alınmağınız tələb oluna bilər. Ətraflı məlumat və onlayn qeydiyyat üçün Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsinə daxil olun.
Azərbaycanda qalmağa icazə verilən müddət müvafiq viza şərtlərindən və ya vizasız giriş qaydalarından asılıdır. Azərbaycanda icazə verilən müddətdən artıq qalmaq zərurəti yarandıqda, müddətin uzadılmasının qanunvericiliklə mümkün olub-olmadığını dəqiqləşdirmək üçün əvvəlcədən Dövlət Miqrasiya Xidmətinə müraciət edin.