Qusarın yun xalça və geyimlərindənzövq alın
Şahdağın ətəyində, meşələrlə örtülü dağların və dərələrin qoynunda qərar tutmuş, şəlaləli çayları, buz kimi soyuq bulaqları ilə səyahət həvəskarlarının ən çox xoşladığı məkanlardan biri – Qusar rayonu qədim xalq sənətinin ən geniş yayılmış növü olan xalçaları, xüsusilə də xovsuz Sumaq xalçaları və toxunma yun geyimləri ilə məşhurdur. Əsasən ləzgilərin yaşadığı dağ kəndlərində əhali ta qədim zamanlardan qoyunçuluqla məşğuldur. Bu amil rayonda yunun həmişə bol olmasını şərtləndirir. Azərbaycanda mövcud doqquz iqlim növündən dördünə Qusar rayonu ərazisində rast gəlinir. Buranın iqlimi düzənlik və dağətəyi hissədə mülayim isti, yüksək dağlıq ərazilərdə isə soyuq və rütubətlidir. Qış aylarında hava əsasən şaxtalı keçdiyi üçün yerli sakinlər yun geyimlərə daha çox üstünlük verirlər. Buna görə Qusarda yundan pal-paltar, corab, əlcək toxumaq sənəti nəsildən-nəslə ötürülür. Bu gün cavan qız-gəlin erkən yaşlarından toxuma sənətinin incəliklərinə yiyələnirlər. Onların toxuduğu gözəl naxışlı yun corablar olduqca məşhurdur. Bundan başqa, siz Qusar şəhərinın bazarında yerli sənətkarların əl işi olan müxtəlif məişət əşyaları, milli suvenirlərdən ala, yaxud sifariş edə bilərsiniz.