Lənkərandamədəni proqram
Lənkəran şəhəri 18-19-cu əsrlərdə Lənkəran xanlığının mərkəzi olmuşdur. 1913-cü ildə xan nəslindən olan Mir Əhməd xanın sifarişi ilə Avropadan dəvət olunan memarlar tərəfindən tikilmiş xan sarayı kimi tanınan Mir Əhməd xanın evində (Lənkəran Tarix-Diyarşünaslıq muzeyində) Lənkəran xanlığı ilə yanaşı, regionun digər dövrlərini əhatə edən kolleksiya toplanıb. Muzeydə, həmçinin Tunc dövrü ilə bağlı əşya və alətlərlə birgə bir çox yerli incəsənət nümunələrini də görə bilərsiniz. Binanın özü muzeyin bir hissəsidir: 1913-cü ildə müasir və milli elementləri özündə birləşdirən üslubda tikilmiş malikanə bir müddət şəhərin ən hündür tikilisi olmuşdur. Buradan Xəzər dənizi və Talış dağlarına gözəl mənzərə açılır.
Böyük Vətən müharibəsi zamanı, xüsusən də Stalinqrad döyüşlərində göstərdiyi şücaətə görə iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş yeganə azərbaycanlı Həzi Aslanovun şəhər mərkəzindəki sakit küçələrdən birində yerləşən ev-muzeyini də ziyarət edə bilərsiniz. Musiqi və incəsənət sevənlər Lənkəran Dövlət Dram teatrında təşkil olunan mədəni tədbirlərdə iştirak edə bilərlər. Lənkəranın tarixi məkanlarına səfərinizə qalanın bürcünü də daxil edin. Rəsmi sənədlərə əsasən Lənkəran qalasının ərazisi Bakı İçəri Şəhər qalasından 2 dəfə böyük olmuşdur, hündür divarlarla əhatə olunmuş şənkəran qalasının iki bürcü olmuşdur. 1813-cü ildə sökülmüş qala divarlarının bir hissəsi olmuş iki bürc bu gün də Lənkəranın tarixi abidələri arasında xüsusi yer tutur. Bu bürclərdən biri mayak kimi fəaliyyət göstərir. Digəri isə bir zamanlar zindan idi. Bu binada İosif Stalin inqilabdan əvvəl dustaq olmuşdur.