
Diqqət çəkici dizaynı ilə fərqlənən “Alov Qüllələri” və məşhur memar Zaha Hadid tərəfindən layihələndirilən Heydər Əliyev Mərkəzi - bu iki estetik nümunə müasir Bakının ruhunu və gözəlliyini simvolizə edir. Yarış marşrutunun əsas hissəsi paytaxt Bakının tarixi incisi, YUNESKO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilmiş "İçərişəhər"dən (Qədim şəhər) keçir və sizi yarışlararası fasilələrdə unudulmaz gəzintiyə dəvət edir.
Ən uzun düz yarış xəttini əhatə edən Dənizkənarı Milli Park qonaqlarını Xəzər dənizi sahilinə doğru aparır. Park boyunca kifayət qədər maraqlı məkanlar və görməli yerlər: bükülmüş xalçanı xatırladan Azərbaycan Milli Xalça Muzeyi, möhtəşəm mənzərəsi ilə seçilən Panorama çarxı və bir qədər irəlidə yerləşən YARAT Müasir İncəsənət Mərkəzi sizi gözləyir.
Yeni təcrübələr axtaranlar üçün Bakının mərkəzindən kənara doğru qısa səfərlər daha da cəzbedici olacaq. Formula 1 Azərbaycan Qran-Prisi zamanı paytaxt və ətrafını yaddaqalan şəkildə kəşf etməyiniz üçün tövsiyələrimizi təqdim edirik.
UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən İçərişəhər F1 treki ərazisində Bakının tarixinə qısa səyahət üçün əlverişli yerdə yerləşir. Yarış ərəfəsində İçərişəhərin ən hündür nöqtəsində qərar tutan Şirvanşahlar Sarayını, Bakının ən sirli abidəsi - Qız qalasını, onlarla maraqlı sərgi zalı, qalereya və muzeyləri ziyarət edərək gözəl və unudulmaz gün keçirmək olar.
Dadlı fasilə üçün orijinal atmosferdə milli mətbəx nümunələrini dadmaq üçün İçərişəhərdəki “Mugham Club” və “Qaynana” restoranlarına yollanın. Regionlara xas təamlar axtarışındasınızsa, “Chayki” və “Mangal Steak House” bulvar boyunca qısa məsafədədir. Daha beynəlxalq ab-havada nahar etmək istəsəniz, F1 pit yolu üzərində yerləşən “Baku Café” düzgün seçim ola bilər. Lakin milli mədəniyyət və ənənəvi dadla dolu 19-cu əsr Azərbaycan mətbəxinə unudulmaz səyahət üçün “Ağabala” restoranını siyahıya mütləq əlavə edin.
Gecələri rəngarəng, unudulmaz və şən keçirmək üçün Bakıda hər zövqə uyğun gecə klubları, şərab barları, caz kafelər fəaliyyət göstərir. Yüksək səviyyəli tematik əyləncə şouları ilə məşhur olan “Enerji Club” əla menyu və Xəzər sahillərində möhtəşəm rəqs gecəsi təqdim edir. Əgər daha rahat atmosferə can atırsınızsa, “KEFLI Local Wine & Snacks” şərab barında hər axşam zəngin şərab çeşidi və zövqlü musiqi birləşməsindən həzz ala bilərsiniz.
Zamanın süzgəcindən keçərək qədimdən günümüzə qədər orijinallığını qoruyub saxlayan “Yanardağ” təbiət möcüzəsini, torpağın dərinliklərində yatan və əsrlər boyunca bir an belə sönməyən hiddətli alovları seyr etməyə tələsin. Şəhərin mərkəzindən sadəcə bir göz qırpımı qədər yaxın olan bu təbiət möcüzəsinə şəxsən şahidlik etmək lazımdır!
Yanardağ yaxınlığındakı atəşpərəstlərin mirası Atəşgah məbədinə baş çəkərək Azərbaycanın “Odlar Yurdu” kimi tanınmasının dərinliklərinə enin. Əmin olun ki, haqqında sirli-sehrli əfsanələr dolaşan bu məbəd ağlınızda suallar, qəlbinizdə isə xoş izlər buraxacaq.
Qrand Pri zamanı sürəti sonadək yaşayanlardansınızsa, o zaman bu həyəcanı balanslaşdırmaq üçün at çapmaqdan yaxşı nə ola bilər? Elədirsə, F1 azarkeşi olaraq Mehdiabadda yerləşən “Omar” Atçılıq Klubuna üz tutun. Təbiətin bir parçası kimi hiss edəcəyiniz bu məkanda atsürmə, poni ilə gəzinti hətta istədiyiniz qədər balıq tutmaq fürsətini əldən buraxmayın.
Abşeron yarımadası təkcə sönməz alovları məşhur deyil, həm də quş müşahidəsi üçün Xəzərin sahilində unikal yerdir. Azərbaycanın ucqar şərq nöqtəsinin yerləşdiyi Abşeron Milli Parkı eyniadlı yarımadanın təbiəti ilə tanış olmaq, yarışın səs-küyündən uzaqlaşmaq və flaminqolara vurulmaq imkanı yaradır.
İstiqaməti bir balaca qərbə doğru dəyişib Qobustan qoruğuna baş çəkin. UNESCO-nun Ümumdünya İrs siyahısına salınmış Qobustan qoruğunda qədim insanların həyat və məişəti qayaüstü təsvirlərdə canlanır. Eramızdan əvvəllərə aid qayaüstü təsvirlər, yaşı əsrlərlə ölçülən 7000-dən çox petroqlif və Paleolit dövründən orta əsrlərə qədər insanların məskunlaşdığı mağaralar – həyəcanvericidir, elə deyilmi?
Siyahıda ən qeyri-adi təcrübələrdən biri də hər an püskürməyə hazır palçıq vulkanlarıdır. Dünyanın nadir təbii möcüzələrindən hesab olunan məşhur palçıq vulkanlarını Qobustan yaxınlığında kəşf edə bilərsiniz.