Bakıda yəhudi irsi ilətanışlıq
Yəhudilər ölkəmizin müxtəlif yerlərində uzun əsrlərdən bəri yaşasalar da, onların Bakıda məskunlaşması əsasən 19-cu əsrin 30-cu illərinə təsadüf edir. Daha sonralar isə "neft bumu" dövründə insanların Bakıya iş və sərvət arxasınca axın etməsi ilə şəhərdə yəhudi icması böyüməyə başladı.
Həmin vaxtdan başlayaraq yəhudilər Bakının unikal multikultural həyatının ayrılmaz bir hissəsi oldular. Şəhərin intellektual və mədəni həyatında da yəhudilər vacib rol oynayırdılar. Təkcə onu demək kifayətdir ki, 20-ci əsrin əvvəllərində yəhudilər Bakı əhalisinin cəmi 4,5%-ni təşkil etsələr də, şəhərdə çalışan hüquqşünasların təxminən 30%-i, həkimlərin isə 40%-i bu millətin nümayəndələri idi. Müəllim, mühəndis, musiqiçi və jurnalist peşə sahiblərinin arasında da yəhudilər az deyildi. Onların bəzilərinin şöhrəti isə nəinki Bakıya, ölkənin sərhədlərindən çox-çox uzaqlara yayılmışdı – qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadə, Nobel mükafatına layiq görülmüş dahi fizik Lev Landau belələrindən idilər. Çox sayda yəhudi hər zaman böyük hörmət gördükləri şəhərdə, özünün multikultural dəyərləri ilə seçilən Bakıda bu gün də yaşamağa davam edir. Avropanın ən böyük sinaqoqlardan biri 2003-cü ildə paytaxtımızda açılmışdır. Dağ yəhudilərinin sinaqoqu isə 1945-ci ildən fəaliyyət göstərir.
Bakıda yəhudi irsinin izləri ilə tanış olmaq üçün broşüru yükləyə bilərsiniz. Aşağıdakı xəritəni yükləməklə isə paytaxtımızda yəhudi izlərini özündə əks etdirən məşhur görməli yerlərə ekskursiyaya çıxmaq olar. Bunların arasında iki sinaqoq, 1910-1934-cü illərdə sinaqoq kimi istifadə edilmiş, hazırda isə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının yerləşdiyi bina və Landaunun xatirə lövhəsi də var.