tarixi binazəngin muzey
Milli Azərbaycan Tarixi Muzeyinin yerləşdiyi bina neft milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin və ailəsinin yaşayış evi olub. Bina Bakıda bir çox möhtəşəm tikililərin memarı olmuş İosif Qoslavskinin layihəsi əsasında 1895-1901-ci illərdə inşa edilmiş və “Tağıyev sarayı” kimi tarixin yaddaşına yazılmışdır. Məşhur milyonçu ailəsi, yaxın qohumları ilə birlikdə bu üçmərtəbəli binada 18 il – 1920-ci ilə qədər yaşamışdır. Hazırda binanın 9 otağında Tağıyevin ev-muzeyi fəaliyyət göstərir. Bu otaqlarda Tağıyevlər ailəsinə məxsus mebel və əşyalara tamaşa edə, onların həyat tərzi ilə tanış ola bilərsiniz.
Muzeyin digər otaqlarında isə qədim zamanlardan bu günədək Azərbaycan tarixini əks etdirən 300 minə yaxın eksponat 6 şöbədə qorunub saxlanılır. Daş dövrü, orta əsrlər və antik dövrə aid əşyalar muzeyin qiymətli eksponatları sırasındadır. Azərbaycan ərazisində mövcud olmuş dövlətlərə aid maddi-mədəniyyət nümunələri, xanlıqlar dövrünə aid müxtəlif eksponatlar, bayraqlar, şəhər-qalaların rəmzi açarları, sənədlər, geyimlər, numizmatika fondunda 150 mindən çox sikkə və əskinaslar da böyük maraq doğurur.
Zəngin tariximizin müxtəlif dövrlərinə səyahət üçün Milli Azərbaycan Tarixi Muzeyini ziyarət etməyi unutmayın.
Ətraflı məlumat üçün:
İş qrafiki: B. e. – Ş., 10:00-18:00
Ünvan: Bakı, Hacı Zeynalabdin Tağıyev küç., 4
Tel.: +99412 598 17 46
azhistorymuseum.gov.az/az



















.jpg)














































