orta əsrlərəsəyahət
Açıq səma altında yerləşən bu heyrətamiz muzeydə özünüzü eyni anda həm tunc dövründə, həm də orta əsrlərdə hiss edə bilərsiniz. “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun yerləşdiyi Qala kəndi qədim yaşayış məskənidir. Bakıdan təxminən 40 km məsafədə yerləşən kompleks 81 ha sahədən artıq ərazini, yəni 100-dən çox futbol meydançası böyüklüyündə yeri əhatə edir.
Burada qayaüstü rəsmlər, eramızdan əvvəl III-II minilliklərə aid tikililərə, arxeoloji qazıntıların tapıntılarına tamaşa etmək və XIV əsrdə inşa edilmiş qalanın başına qalxıb Abşeron yarımadasına açılan möhtəşəm mənzərəni seyr etmək olar. Orta əsr şəhərində isə əcdadlarımızın həyat tərzi, onların geyimləri, istifadə etdikləri qab-qacaqlar, pullar və o dövrə aid naxışlarla tanış olmaq mümkündür.
Kompleksin digər qeyri-adi muzeyinin ekspozisiyası “Tullantıdan sənətə” adlanır. Burada məişət tullantıları – kabellər, lampalar, təkərlər, plastik suqabıları, sellofanlar, oyuncaqlar, müxtəlif avtomobil hissələri və istifadəyə yararsız digər bir çox əşyadan hazırlanmış sənət əsərləri sizi keçmişdən müasir dövrümüzə qaytaracaq. Burada 180-ə yaxın müxtəlif sənət nümunəsi – yerli sənətkarlarla yanaşı, dünyanın müxtəlif ölkələrindən olan sənətkarların əsərləri də nümayiş etdirilir. Dəmir parçalarından düzəldilmiş Simurq quşu, taxta tullantılardan hazırlanmış at fiqurları, plastik qaşıq, çəngəl və bıçaqlardan balıq obrazı diqqəti cəlb edən eksponatlardan sadəcə bir neçəsidir.
Turistlər qiyməti 15 AZN olan giriş bileti almaqla hər iki muzeyə daxil ola, həmçinin xalçaçılıq, dulusçuluq, yayma (lavaşın bişirilməsi), dəmirçilik kimi master-klaslarda iştirak edə bilərlər.
“Qala” qoruğunda siz eksponatların bəzilərinə, həmçinin uşaqların çox sevəcəyi kiçik zooparkda quzu, keçi və dəvə balalarına da toxuna bilərsiniz. Turlar 3 yaşa qədər uşaqlar üçün ödənişsiz, 12 yaşa qədər uşaqlar üçün isə yarı qiymətədir. İstədiyiniz qədər şəkil çəkdirməyə isə heç kim mane olmayacaq.