Gilabi Ceramicsgildən yaranan hekayə
“Gilabi Ceramics” Laçında ənənələrin keramika sənətində yeni forma qazandığı yaradıcılıq mərkəzidir. 2023-cü ildən fəaliyyət göstərən mərkəz keramika istehsalı və yaradıcılıq emalatxanası ilə yanaşı, ziyarətçilər üçün də xüsusi imkanlar təqdim edir. Burada keramika məmulatlarının necə hazırlandığını görmək, bəyəndiyin məmulatı seçmək və ya öz əllərinlə bir nümunə yaratmaq mümkündür.
Hər bir məmulat gil parçasından hazır sənət əsərinə çevrilənədək uzun bir yol keçir. Ustalar gilə əl ilə forma verir, daha sonra keramika sobada bişirilir. Növbəti mərhələdə rəssamlar səthə naxışlar və özünəməxsus detallar əlavə edir, məmulatı şirlə örtür və yenidən sobaya yerləşdirirlər. Beləliklə, hər detalında əl əməyinin hiss olunduğu unikal əsərlər ərsəyə gəlir.
“Gilabi Ceramics” kolleksiyalarının ilham mənbəyi Laçının özü və onun zəngin irsidir. Keramika nümunələrində bölgənin təbiətindən, qədim alban məbədlərindən, Qarabağ atından, XVI əsrə aid fiqurlardan, nar motivlərindən və ənənəvi milli ornamentlərdən ilhamlanan izləri görmək mümkündür. Beləcə, ilk baxışda sadə görünən əşyalar Laçının tarixindən və mədəniyyətindən bəhs edən kiçik hekayələrə çevrilir.
Bundan əlavə, yaradıcılıq mərkəzində uşaqlar və böyüklər üçün master-klaslar da keçirilir. Burada iştirakçılar gillə işləməyi, ona forma verməyi və öz əl işlərini yaratmağı sınaya bilərlər. Sözügedən təcrübə keramika sənətini sadəcə kənardan izləməyə deyil, onun bir hissəsinə çevrilməyə imkan verir.
Laçın səfərindən özünlə xüsusi bir xatirə aparmaq istəyirsənsə, mütləq “Gilabi Ceramics”in satış nöqtəsinə baş çək.
Instagram səhifəsinə keçid edin




















.jpg)


























































