dahi musiqiçilərinev-muzeyi
Mstislav Rostropoviçin ailəsi hələ o dünyaya gəlməmişdən iki il əvvəl Bakıya təşrif buyurmuşdu. Belə ki, dahi bəstəkarımız Üzeyir Hacıbəyli Dövlət Konservatoriyasında dərs deməsi üçün 1925-ci ildə professor Leopold Rostropoviçi Bakıya dəvət edir. Əvvəllər Bakıya konsert vermək üçün səfər edən Leopold Rostropoviç bu dəfə ailəsi ilə birlikdə Bakıya köçür və onun həyat yoldaşı pianoçu Sofya Fedotova da konservatoriyada fortepiano fakültəsində dərs deməyə başlayır. Onların keçmiş Kolodezni küçəsində (indiki Rostropoviçlər küçəsi) 1931-ci ilə kimi yaşadıqları və 1927-ci ildə Mstislav Rostropoviçin dünyaya göz açdığı, uşaqlığının keçdiyi ev hazırda muzey kimi fəaliyyət göstərir.
Muzeyin ekspozisiyası M. Rostropoviçin uşaqlıq, gənclik və yaradıcılıq illərini əks etdirən maraqlı materiallarla zəngindir. Ekspozisiya iki hissədən ibarətdir. Birinci hissədə Rostropoviçlər ailəsinin yaşadığı evin ab-havası, o dövrün mühiti əks olunmuşdur. Muzeydə nümayiş olunan eksponatlar arasında Leopold Rostropoviçin Üzeyir Hacıbəyliyə yazdığı məktublar, Rostropoviçlər ailəsinə məxsus əşyalar, XIX əsrin sonu və XX əsrin əvvəllərinə aid xalça və mebel də yer almışdır. Ekspozisiyanın ikinci hissəsində M. Rostropoviçin həyat və yaradıcılığının mühüm anları, onun haqqında filmlər, maestronun ifası ilə yazılmış audiokasetlər vardır. M. Rostropoviçin 2005-ci ildə Dövlət Filarmoniyasında konsert zamanı geydiyi frak, onun dirijor çubuğu, konsertdən çəkilmiş videokadrlar, şəkillər və üzərində maestronun avtoqrafı olan konsert proqramı muzeyin ekspozisiyasında nümayiş olunur.
Ətraflı məlumat üçün:
Ünvan: Bakı ş., Rostropoviçlər küç., 31
İş qrafiki: Ç. a. – B., 10:00-18:00
Tel.: +99412 492 02 65
museum.az/az/museum/33



















































.jpg)













