ənənəvi hamamlardaistirahət edin
Bakıdakı hamamlar qədimdən bəri insanların bir araya gələrək dincəldiyi və şirin söhbətlər etdiyi ənənəvi məkanlardan biri sayılır. Paytaxtda bu günə qədər fəaliyyətini davam etdirən bir neçə tarixi hamam mövcuddur. Onlardan Ağa Mikayıl və Tazə bəy hamamları xüsusilə məşhurdur: yerli sakinlər və şəhər qonaqları bu hamamlara hələ də müntəzəm olaraq baş çəkir, burada həm istirahət edir, həm də qədim hamam mədəniyyətinin ab-havasını hiss edirlər. Məxsusən də soyuq aylarda əsl Azərbaycan hamamlarından birini ziyarət edərək sizi rahatladacaq və ruhunuza dinclik bəxş edəcək isti buxar otaqlarında yuyuna bilərsiniz. Hamam prosedurlarından sonra dostlarla çay dəstgahı ətrafında keçən əyləncəli söhbətlər isə bu təcrübəyə tamamilə başqa bir ləzzət qatır.
Bakının mərkəzində XIX əsrdə inşa edilmiş ictimai hamamlardan biri olan Tazə bəy hamamı ən çox üstünlük verilən istirahət məkanlarından biridir. Tazə bəy hamamı 2003-cü ildə müasir tələblərə uyğun şəkildə tam bərpa edilərək öz tarixi görkəmini yenidən qazanmışdır. Şərq, rus və fin hamamları, hovuz, eləcə də masaj, kisə, süpürgə (evkalipt), pedikür və manikür kimi bütün xidmət növləri qonaqların ixtiyarındadır. Hamamda Şərq və Avropa mətbəxi ilə tanış olacağınız restoran və bar da fəaliyyət göstərir.
Tazə bəy hamamı bu gün kişilərə məxsus istirahət məkanı kimi fəaliyyətini davam etdirir.
Keçmişi canlandıran, tarixi XIX əsrə gedib çıxan Ağa Zeynal hamamı İçərişəhərin mərkəzində ənənəvi xidmətlər təklif edən məşhur hamamlardan biridir. Hamam XIX əsrin II yаrısındа hаmаmın sifаrişçisi və sаhibi ‒ Аğа Zeynаl tərəfindən tikilmişdir. Hacı Ağa Zeynal Bakı milyonçusu Ramazanovun babası olmuşdur. Hаmаmın ümumi quruluşuna diqqət etsəniz, yаşаyış tikililəri sisteminə dахil оlduğu üçün оndаn seçilmədiyini görə bilərsiniz. Binаnın dахili məkаnı ənənəvi üslublаrа sаdiq qаlаrаq sоyunmа və yuyunmа оtаqlаrındаn, xəzinə (qаynаr və sоyuq su аnbаrı) və оdluq kаmerаsındаn ibаrət оlаn əsаs bölmələrə аyrılmışdır.
Ağa Zeynal hamamı hazırda ancaq kişilər üçün fəaliyyət göstərir.
İçərişəhərdə yerləşən və XVIII əsrdə Şamaxı taciri Ağa Mikayıl tərəfindən inşa edilən, orijinal Şərq memarlığı təəssüratı yaradan Ağa Mikayıl hamamı Bakıda günümüzədək fəaliyyət göstərən ən qədim hamamdır. Hamam Şamaxı sakini Hacı Ağa Mikayıl tərəfindən İçərişəhərin cənub-qərb tərəfində, əsas küçələrdən biri olan Kiçik Qala küçəsində tikilmişdir. Hamamın yerləşdiyi ərazi xalq arasında indi də Hamamçılar məhəlləsi kimi tanınır. Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettası əsasında 1956-cı ildə çəkilmiş eyniadlı filmin bəzi hamam səhnələri məhz bu hamamda lentə alınmışdır. Elə buna görə də, illərdir ki, Bakı sakinləri bu məkanı filmin sevimli qəhrəmanının adı ilə ‒ “Məşədi İbad hamamı” kimi xatırlayır.
Ağa Mikayıl hamamı həftənin I və V günləri qadınlar üçün, digər günlər isə kişilər üçün fəaliyyət göstərir.
Tazə bəy hamamı haqqında ətraflı məlumat üçün:
Veb-səhifə: tazebey.az
Ünvan: Bakı şəhəri, Ş. Şamil küçəsi, 30 (1)
İzzət Həmidov küçəsi, 3 (2)
Tel.: +994 50 255 58 00
Ağa Zeynal hamamı haqqında ətraflı məlumat üçün:
Ünvan: Bakı şəhəri, İçərişəhər, Qüllə küçəsi, 6
Tel.: +994 55 639 19 99
Ağa Mikayıl hamamı haqqında ətraflı məlumat üçün:
Ünvan: Bakı şəhəri, İçərişəhər, Kiçik Qala küçəsi, 16
Tel.: +994 12 492 74 21


























































.jpg)













