Mərkəzi Nəbatat bağıBakının yaşıl ürəyi
1936-cı ildə əsası qoyulan, botanika bağı kimi tanınan Mərkəzi Nəbatat bağı təkcə tarixi önəm daşımır, həm də paytaxtın qürur mənbəyi hesab olunur. 2024-cü ilin payızında aparılmış genişmiqyaslı bərpa-quruculuq işlərindən sonra bağ yenidən ziyarətçilərinə qapılarını açdı. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu təntənəli tədbirdə iştirak edərək onun şəhər və bütün ölkə üçün əhəmiyyətini xüsusi vurğuladılar.
Bərpa-quruculuq işlərindən sonra bağda həyat yenidən canlanıb: dünyanın müxtəlif nadir bitki növləri üçün inşa edilən müasir tipli oranjereya xüsusi diqqəti cəlb edir. Piyadalar üçün körpü və yaşıllıqlarla dolu geniş xiyabanlar salınıb; müvafiq avadanlıqlarla təchiz olunmuş istirahət zonalarındakı ağacların kölgəsində və rahat mühitdə dincəlmək insana mənəvi rahatlıq bəxş edir, uşaqlı ailələr üçün ayrıca oyun meydançaları nəzərdə tutulub. Açıq hava şəraitində xidmət göstərən restoranlar bağın mənzərəsindən ayrılmadan təbiətdən zövq almağa imkan yaradır, yenilənmiş istixanalar və gözoxşayan göl kompleksi isə məkanın xüsusi cazibədarlığını artırır.
Müasir işıqlandırma və suvarma sistemləri ilə təchiz olunan aypara formalı qədim inzibati binanın yenilənməsi bağın həm müasir, həm də tarixi dəyərini qoruyub saxlayır. Bu məkan Azərbaycan florasına dair elmi tədqiqatların aparılması üçün vacib obyekt olmaqla yanaşı, həm də harmoniya və rahatlıq tapmaq istəyən şəhər sakinləri və qonaqlar üçün sevimli məkana çevrilib.
Mərkəzi Nəbatat Bağı təbiəti və mədəniyyəti öz ağuşunda birləşdirir və hər bir ziyarətçiyə Bakının mərkəzində əsl gözəllik və zəngin bitki aləminə qapı açır.
Ətraflı məlumat üçün:
Ünvan: Badamdar şossesi, 40
İş vaxtları: hər gün, 09:00-18:00
Veb-sayt: www.bakubotanicalgarden.az