sevimli romanın izləri iləmaraqlı gəzinti
İlk dəfə 1937-ci ildə Vyanada alman dilində çap olunmuş “Əli və Nino” romanının müəllifi barədə hələ də müzakirələr getsə də, bu, əsərə olan marağı azaltmayıb. Müxtəlif dillərdə dünyanın 60-dan çox ölkəsində çap edilmiş bu romanda hadisələr Şuşada, Bakıda, Gəncədə, Tbilisidə, Dağıstanda, İranda cərəyan edir və iki gəncin sevgi macərası fonunda 20-ci əsrin əvvəllərinin siyasi, sosial və mədəni mənzərəsinə, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma dövrü və ağır günlərinə parlaq işıq tutur. Bu gəzinti turu sizi “Əli və Nino”nun Bakı səhifələrinə səyahətə çıxaracaq.
Gəzintiyə əsərin qəhramanı Əlinin böyüdüyü və 1918-ci ilin mart hadisələri zamanı döyüşlərin getdiyi İçərişəhərdən başlaya bilərsiniz. Əlinin Nino ilə görüş təyin etdiyi və həmin vaxtlarda “Qubernator bağı” kimi tanınan Filarmoniya bağı, romanda adı “şəhər klubu” kimi keçən Dövlət Filarmoniyasının binası, İstiqlaliyyət küçəsi və bu küçədə yerləşən Bakı Şəhər İcra Hakimiyyətinin (əsərdə bu bina “Bələdiyyə binası” kimi xatırlanır) binası marşrutun növbəti dayanacaqları olacaq. İndiki 132 və 134 saylı məktəblər isə əsərdə “Müqəddəs Tamara adına qız gimnaziyası” kimi göstərilir və Əli Ninonu görmək üçün tez-tez bu məktəbə gedirdi. Əlinin özünün oxuduğu və romanın ilk cümləsində adı keçən Bakı rus imperator humanitar gimnaziyasının binasında isə hazırda Azərbaycan Dövlət İqtisad Universiteti yerləşir. Gəzintini davam etdirməklə özünüzü sanki romanın içində hiss edəcəksiniz: İslam Xeyriyyə Cəmiyyətinin binası (İsmailiyyə binası), Qoşa qala qapıları, Haşımovların evi (Konstitusiya məhkəməsinin binası), Zeynal ağanın mülkü (Milli Azərbaycan Tarixi Muzeyinin binası) romanda adı çəkilən və möhtəşəm memarlığını bu gün də saxlayan tikililərdir.