atəşpərəstlərinqədim ziyarətgahı
Bakının neft və qaz yataqları ilə zəngin nadir təbiəti hələ qədim zamanlardan səyyahların diqqət mərkəzində olub. Təsadüfi deyil ki, Bakının Suraxanı rayonunda yerləşən Atəşgah məbədi milyonlarla insan üçün ziyarətgaha çevrilib. Zərdüştilərin müqəddəs məbədinin yerində XVII-XVIII əsrlərdə inşa edilmiş Atəşgah Hindistandan olan zəvvarlar üçün ibadətgaha çevrilmişdi. Hindistanlı turistlər bu gün də Atəşgahı böyük həvəs və dərin ehtiramla ziyarət edirlər. Bu sehrli məbəd haqda qeydlərə hətta Aleksandr Dümanın 1858-ci ildə yazdığı “Qafqaza səyahət” kitabında rast gəlmək olar. 1998-ci ildə isə Atəşgah məbədi UNESKO-nun Ümumdünya irsi siyahısına salınmaq üçün namizəd siyahısına daxil edilib. Hazırda bura açıq səma altında möhtəşəm muzeydir.
Bundan əlavə, turistlər yaxınlıqdakı Məmmədli kəndində yerləşən Yanardağa da səfər edirlər. Bəzən hündürlüyü 10 metrə çatan bu heyrətamiz təbiət möcüzəsi ilk dəfə XIII əsrdə Marko Polonun xatirələrində təsvir edilmişdir və indi də bu təbii alov Yanardağa gələn turistləri heyran qoyur. Burada yaradılmış yeni və müasir muzey kompleksinə baş çəkərək qoruq barədə geniş məlumat ala bilərsiniz. Qoruq ərazisində bir an belə sönməyən alovlardan başqa, digər maddi-mədəni irs nümunələri və təbiət abidələrinə rast gələ bilərsiniz. Bu abidələrə “Qurd yuvası” adlanan ilkin ibtidai icma dövrünə aid mağara, çoxəsrlik tarixə malik sandukələr, müalicəvi kükürdlü bulaqlar, aktiv fəaliyyətdə olan Qırməki palçıq vulkanı, Əlidaşı piri, Kardaşı iri təbii qaya daşları, Qırməki vadisi və qədim kurqan aiddir. Qoruğa, həmçinin 1918-ci ildə Bakıya gələn Osmanlı qoşunlarının səngərləri də daxildir.
Ətraflı məlumat üçün:
Atəşgah məbədinə giriş: 4 ₼ (turistlər üçün), 2 ₼ (yerlilər üçün)
Bələdçi ilə tur: adambaşı 3 ₼ (Azərbaycan dilində), 5 ₼ (digər dillərdə)
Yanardağa giriş: 9 ₼ (turistlər üçün), 2 ₼ (yerlilər üçün)
Bələdçi ilə tur: adambaşı 3 ₼ (Azərbaycan dilində), 6 ₼ (digər dillərdə)
Atəşgah və Yanardağ kombo bilet: 11 ₼