İçərişəhərdəqədim Bakıya səyahət
XII əsrə aid divarlarla əhatə olunmuş, Şərq memarlığı üslubunda tikilmiş abidələrlə zəngin olan İçərişəhər UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. İçərişəhər tarixi abidələri ilə yanaşı dar küçələrdən, o cümlədən sənətkarlıq emalatxanalarından, suvenir dükanlarından və klassik Azərbaycan təamları təqdim edən ənənəvi restoranlardan ibarət labirinti xatırladır. Burada yerləşən onlarla maraqlı sərgi zalı, qalereya və muzeyləri ziyarət edərək gözəl və unudulmaz gün keçirmək olar.
Bakının ən sirli abidəsi – Qız qalası da məhz İçərişəhərin Xəzərlə sahilində inşa edilib. Onun hansı məqsədlə tikildiyi tarixçilərə hələ də dəqiq məlum deyil. İçərişəhərin ən hündür nöqtəsində yerləşən Şirvanşahlar Sarayı isə XV əsrdən etibarən əzəmətli Şirvanşahlar dövlətinin hökmdarlarının iqamətgahı olub. Bu möhtəşəm memarlıq kompleksi yalnız saray binasını deyil, həm də məscid, türbə, hamam, divanxana, qapılar və su anbarını da özündə birləşdirir.
Bu iki ən məşhur abidədən əlavə, burada özünəməxsusluğu ilə seçilən məkanlar da mövcuddur. Məsələn, dünyanın ən kiçik – cəmi 2x2 mm ölçüsündə kitabını öz kolleksiyasında saxlayan Miniatür Kitab Muzeyi və Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” və “Arşın mal alan” əsərlərini səhnələşdirən Kukla Teatrı kimi maraqlı məkanları kəşf edə bilərsiniz. Həmçinin tarixi məscidlər (Məhəmməd Məscidini mütləq ziyarət edin!), karvansaralar və hamamlar da burada yerləşir. Bütün bunlarla yanaşı, qədim şəhərdəki müstəqil incəsənət qalereyaları, restoranlar, terraslı barlar və kafelərdə maraqlı vaxt keçirmək olar.