zəfər tarixininəzəmətli izləri
Hərbi Qənimətlər Parkı Vətən müharibəsi zamanı ordumuzun qələbəsini əks etdirmək və əbədiləşdirmək məqsədilə 5 hektar sahəni əhatə edən ərazidə, açıq hava altında təşkil edilmişdir. Burada Vətən müharibəsi zamanı düşmən əsgərlərinin atıb getdiyi və Azərbaycan ordusu tərəfindən ələ keçirilmiş hərbi qənimətlərin bir hissəsi, eyni zamanda Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə istehkamının nümunəsi nümayiş olunur. Muzeyin ərazisini gəzməklə T-72 tankları, piyada döyüş maşınları, zenit-raket kompleksi də daxil olmaqla müxtəlif hərbi qənimətlər – zirehli texnikalar, artilleriya silahları, hava hücumundan müdafiə qurğuları, avtomobil texnikası və silah-sursatlarla əyani şəkildə tanış ola bilərsiniz. 44 günlük Vətən müharibəsinin önəmli hadisələrini xronoloji ardıcıllıqla əks etdirən lövhə isə həmin günləri yenidən xatırladır.
Hərbi Qənimətlər Parkının ən maraqlı hissələrdən biri özündə 10 elementdən ibarət maneələr sistemini birləşdirən düşmənin müdafiə səddinin nümayiş olunduğu pavilyondur. Düşmənin illərlə möhkəmləndirdiyi və keçilməz olduğunu düşündüyü, amma Azərbaycan əsgərinin dəf etdiyi istehkam qurğusunda bunker, əsgər kazarması, atəş nöqtələri, döyüş postu, tunel və səngərlərlə tanış ola bilərsiniz. Düşməndən azad edilmiş torpaqlarımızda qənimət kimi götürülmüş hərbi avtomobillərin nömrə nişanlarından ibarət lövhə də diqqətinizi cəlb edəcək eksponatlardandır. Parkın ərazisində yerləşən suvenir satışı məntəqəsindən Vətən müharibəsinə aid suvenir və geyimlər əldə edə bilərsiniz. Biletləri iticket.az veb-saytından və ya kassalardan əldə etmək mümkündür. Azərbaycan ordusunun zəfərini əks etdirən eksponatlarla tanış olmaq və yaddaşınızı təzələmək üçün Hərbi Qənimətlər Parkına mütləq baş çəkin.
Hərbi Qənimətlər Parkının iş qrafiki:
Çərşənbə axşamı – bazar: saat 10:00-19:00
İstirahət günü: bazar ertəsi
Ünvan: Bakı ş., 8 Noyabr prospekti 15