“Qafqazın Parisi”Bakıda polyak irsi
Bakıda, eləcə də müxtəlif rayonlarda polyak memarlığının əsası necə qoyulub? 19-cu əsrdə Azərbaycan və Polşa Çar Rusiyasının tərkibində idi. Azərbaycanda neft sənayesinin sürətli inkişafı firavan həyat axtarışında olan xeyli insanın Polşadan Bakıya üz tutmasına səbəb oldu. İqtisadi səbəblərlə yanaşı, Polşada milli qiyamlarda iştirak etdikləri üçün Qafqaza sürgün edilmiş insanlar da yerli polyak icmasına qatıldılar. Polyaklar əsasən Bakıda sıx halda yaşasalar da, polyak memarlıq irsinə Azərbaycanın digər bölgələrində də rast gəlmək olar. Bu dövrdə üç polyak memar – İosif Qoslavski (1892 – 1904), Kazimir Skureviç (1904 – 1907), İosif Ploşko (1907 – 1910) Bakının Baş memarı olmuşdur. Digər polyak memar Yevgeni Skibinskinin yaratdığı memarlıq inciləri də şəhərə yeni nəfəs gətirmişdi.
Bakı Şəhər İcra Hakimiyyətinin binası, Tağıyevın sarayı (indiki Tarix Muzeyi), Qızlar məktəbi (indiki Əlyazmalar İnstitutu), Səadət Sarayı və digər möhtəşəm tikililər polyak memarların əl işləridir. Polyak irsinin nümunələri, müxtəlif memarlıq inciləri ilə yanaşı, polyak mühəndis və mesenat Pototskinin qəbri və polyak əsilli violonçelistlər Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyi haqqında məlumat almaq istəyirsinizsə, broşürü yükləyə bilərsiniz. Aşağıdakı Polyak irsi xəritəsi isə sizə gəzinti turunuzu təşkil etməyə kömək edəcək, dünyada müsəlman qızlar üçün açılmış ilk məktəb, Bakı milyonçularının sevgi hekayələri, polyak memarlarının taleləri, “un kralının” başına gəlmiş qalmaqal və digər maraqlı məlumatlardan agah olmaq üçün imkan yaradacaqdır. Bundan əlavə, marşrut boyu “özünlə apar” kafelər rastınıza çıxacaq – çay və ya qəhvə sifariş etməyi unutmayın.