Maqsud İbrahimbəyovdünyasına səfər
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi İçərişəhərdə yüz ildən çox yaşı olan binada yerləşir. Bu bina 1914-cü ildə yazıçının babası, neft sənayeçisi Ələkbər Məşədibəyovun sifarişi ilə məşhur memar Zivərbəy Əhmədbəyov tərəfindən tikilib. Burada Maqsud İbrahimbəyovun muzeyi, yazıçının kitabxanası, ədəbiyyat otağı yerləşir. Ədəbiyyat otağında yazıçının müxtəlif illərdə həm rus, həm Azərbaycan dillərində nəşr olunan, həm də 36 xarici dilə tərcümə edilən kitabları nümayiş etdirilir. Bundan başqa, eksponatlar arasında Maqsud İbrahimbəyovun ədəbi və ictimai-siyasi fəaliyyətinə görə müxtəlif vaxtlarda təltif olunduğu orden və medallar, digər mükafatlar, fəxri fərmanlar, həmçinin 2012-ci ildə yazıçının Nobel mükafatına namizədliyinə dair sənəd də var. Mərkəzdə xüsusi marağınıza səbəb olacaq guşələrdən biri də Maqsud İbrahimbəyova məxsus silah kolleksiyasının nümayiş olunduğu zal olacaq. Maqsud İbrahimbəyovun kolleksiyasında dünyanın müxtəlif ölkələrindən gətirilən və ya dostları tərəfindən hədiyyə olunan qədim silahların nadir nümunələri var. Mərkəz həftə içi günlər saat 11:00-dan 17:00-dək qonaqlarını qəbul edir.
Ətraflı məlumat üçün:
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi
Ünvan: Bakı şəhəri, Böyük Qala küçəsi 28
Tel.: +99412 492 8394
facebook.com/maksudibragimbekovcenter/