Nobel qardaşlarınınev-muzeyi
İnşasına 1882-ci ildə başlanılmış binanın tikintisi 1884-cü ildə başa çatır və elə həmin ildə Nobel ailəsi Bakıya köçür. “Villa Petrolea” adlanan bina Nobel qardaşlarının İsveçdən kənarda yerləşən yeganə ev-muzeyidir. Bu möhtəşəm tikili Vizantiya üslubunda tikilmiş və müəllifi isveçli memar Lindval olmuşdur. Nobel qardaşlarının evi həm də Bakıda və regionda ilk dəfə olaraq telefon xəttinin və havalandırma sisteminin qurulduğu evdir. Binanın aşağı mərtəbələri idarə üçün ayrılmış, yuxarı mərtəbələrdə isə klub, istirahət otaqları və kitabxana yerləşirmiş.
Bütün interyer zəngin tərtibata malik olub: Sankt-Peterburqdan rəsm əsərləri, kitabxana üçün kitablar gətirilmiş, otaqlara Azərbaycan və İran xalçaçılarının toxuduqları bahalı xalçalar döşənmişdi. Bina 1920-ci ilədək Nobel qardaşlarının mülkiyyəti olub. Ev-muzeyi olmamışdan əvvəl isə xəstəxana, daha sonra uşaq evi kimi fəaliyyət göstərib. Hazırda muzeydə Nobel ailəsinin istifadə etdiyi məişət əşyaları, həmin dövrü əks etdirən eksponatlar yer alır. Evin öz əşyalarından əlavə olaraq Nobellərin Sank-Peterburqdakı və İsveçdəki evlərindən də əşyalar muzeyə gətirilib. Hər gün saat 10:00-dan 18:00-dək açıq olan muzeyə giriş ödənişsizdir.
Ətraflı məlumat üçün:
Nobel qardaşları muzeyi
Ünvan: Bakı şəhəri, 8 Noyabr pr. 57/2
Tel.: +99412 525 4020
bakunobel.org/