söz tariximizəsəyahət
Bakının mərkəzində yerləşən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi füsunkar memarlığı, fasadını bəzəyən heykəlləri, önündə dahi Nizaminin əzəmətli heykəli ilə bütöv bir kompleks təşkil edir. Bu tarixi bina hələ XIX əsrin 50-ci illərində birmərtəbəli karvansaray kimi fəaliyyət göstərmiş, sonralar isə Bakı milyonçularından olan Hacıağa Dadaşovun məşhur “Metropol” hoteli kimi tanınmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin hökumət üzvlərinin burada yaşaması və işləməsi də bu binanın tarixi əhəmiyyətini artırır.
Muzeyin ekspozisiyası isə ən qədim dövrlərdən bu yana qədər Azərbaycan ədəbiyyatına səyahət etməyə imkan verir. Nəsrəddin Tusi, Şəms Təbrizi, Zülfüqar Şirvani, Molla Qasım Şirvaninin yaradıcılığını əks etdirən ekspozisiya, Şah İsmayıl Xətaiyə, Həsən bəy Zərdabiyə, Hüseyn Cavidə həsr olunmuş ayrıca zallar muzeyin ziyarətçilərinin böyük marağına səbəb olur. Muzeyin nadir eksponatlarına misal kimi Azərbaycan klassiklərinin miniatürlü əlyazma “Divan”ları, Füzulinin əl xətti, Xurşidbanu Natəvanın əl işi olan zərif tikmələr, Aleksandr Dümanın ona hədiyyə etdiyi şahmat taxtasından qalmış fiqurlar, Mirzə Fətəli Axundzadənin əlyazmalarını göstərmək olar. Ümumilikdə isə muzeyin ekspozisiyası minillik tarixi olan “Avesta”dan, qədim türk dastanlarından başlamış müasir şair və yazıçılarımızın xatirələrini özündə yaşadan əşyaları əhatə edir.
Ətraflı məlumat üçün:
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi
Ünvan: Bakı şəhəri, İstiqlaliyyət küçəsi 53
Tel.: +99412 492 1864
http://nizamimuseum.az/az