Səadət sarayısevginin tərənnümü
XX əsrin əvvəllərində fransız qotikası ruhunda tikilmiş bu saray Azərbaycanın vaxtilə neft milyonçusu Murtuza Muxtarovun həyat yoldaşı Liza Tuqanovaya olan sevgisinin təcəssümüdür. Belə ki, təzəcə toyu olmuş cütlük Venesiyaya səyahətə çıxır və Liza xanım bu yerlərin möhtəşəm memarlığına dərindən valeh olur. Murtuza Muxtarov qayıdandan sonra sevgili həyat yoldaşına Bakıda oxşar memarlıq üslubunda saray tikdirməyi qərara alır. Yoldaşını heyrətləndirmək istəyən Muxtarov bu şah əsərin layihələndirilməsini məşhur Polşa memarı İosif Ploşkoya həvalə edir. Nəticədə özündə həm qotik, həm də rokoko memarlıq üslubunu birləşdirən saray cəmi bir ilə (1911-1912) tikilir.
Sarayın hər sütunu, tavanı, fasadı, pəncərə və qapıları təkrarolunmaz sənət əsəridir və bu detallar binanın yanından keçən və ya içəri qədəm qoyan hər kəsi valeh edir. Bu bina bəlkə də ona görə belə heyrətamizdir ki, o, bir-birinə bir könüldən min könülə vurulan cütlüyün bir-birinə olan sevgisindən yaranıb.
Səadət sarayının binası hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi kimi qorunur. Hətta saraya bitişik küçəyə Murtuza Muxtarovun adının verilməsi xeyriyyəçinin şəhərin arxitekturasına verdiyi töhfənin bariz sübutudur. Bünövrəsi sevgi ilə qoyulan, əsaslı şəkildə təmir olunan və hər bir şəxsdə xoş təəssüratlar oyadan Səadət sarayı bu gün təntənəli nikah mərasimləri, rəsmi tədbirlər və konfransların keçirildiyi məkan kimi tanınır.
Ünvan:
Ünvan: Murtuza Muxtarov küçəsi 6