idman memarlığıincisi
Tikintisi 2015-ci ildə yekunlaşmış Bakı Olimpiya Stadionu Bakının müasir arxitekturasının unikal nümunələri arasında özünəməxsusluğu ilə seçilir. Bu qurğu halqavari forması və orijinal interyerindən tutmuş açılıb-yığılan damı və axşamlar sayrışan rəngarəng işıqlarına qədər bir çox qeyri-adilikləri özündə birləşdirir. Hündürlüyü 60 metrdən çox – iyirmi mərtəbəli binadan hündür olan nəhəng kompleks 120 000 m2 sahəyə və təxminən 70 000 tamaşaçı tutumuna malikdir. Stadion 2017-ci ildə Dünya Stadionlar Konqresində “dünyanın ən yaxşı yeni stadionu” adına layiq görülüb.
Burada artıq bir neçə nüfuzlu idman tədbiri keçirilib: I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, UEFA Avropa Liqasının final oyunu, futbol üzrə Dünya və Avropa çempionatlarının, Millətlər Liqasının təsnifat oyunları. Bu əzəmətli stadion UEFA-nın elit idman qurğuları siyahısına daxil edilib və bu yay futbol üzrə Avropa çempionatının (EURO 2020) dörd oyununa ev sahibliyi edəcək.
Siz kompleksdə fitnes mərkəzində, yaxud döyüş sənəti klubunda idmanla məşğul olmaq, kafedə dostlarınızla nahar etmək, alış-veriş etmək, yaxud stadionun yaxınlığında yerləşən Böyükşor gölü boyunca uzanan gözəl parkda gəzməklə əla vaxt keçirə bilərsiniz.
Bu memarlıq möcüzəsi və çoxfunksiyalı unikal idman kompleksi ilə yaxından tanış olmaq üçün tur sifariş edə bilərsiniz. Müddəti və mürəkkəbliyinə görə fərqlənən bir neçə tur təklifi seçmək imkanınız var.