ənənə və dadın qovuşduğu məkanŞəkidə “Slow Food” təcrübəsi
Şəkidə hər bir nemət torpaqdan süfrəyə qədər uzanan min bir hekayəni özündə birləşdirir. Bu payızda şəhər həmin hekayə və dadların kəşfi üçün mərkəzə çevriləcək. UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alan bu şəhər Azərbaycana ilk dəfə genişmiqyaslı “Slow Food” təcrübəsini gətirən “Terra Madre” festivalına ev sahibliyi edəcək.
11-12 oktyabrda Şəkinin tarixi mərkəzində möhtəşəm qastronomiya festivalı keçiriləcək. Rəsmi açılış mərasimi 11 oktyabr saat 12:00-da “Slow Food” hərakatının nümayəndələrinin çıxışları ilə baş tutacaq. Ardınca isə festivalın başlanğıcını simvolizə edən fermerlərin yürüşü keçiriləcək. Festivalda qonaqlar dequstasiya sessiyalarında iştirak edə, ustad dərslərində kulinariya texnikalarını sınaya biləcəklər. Bundan əlavə, ziyarətçilər tədbirdə unikallığı ilə seçilən yerli məhsullardan əldə edəcək və mədəni proqramdan zövq alacaqlar. Bu iki gün ərzində fermerlər, beynəlxalq ekspertlər, yemək həvəskarları, sənətkarlar və tədqiqatçılar Azərbaycanın zəngin qastronomiya irsinə töhfə vermək və onu qoruyaraq gələcək nəsillərə ötürmək yollarının müzakirəsi üçün bir araya gələcəklər.
Qeyd edək ki, iki gün ərzində Şəkinin tarixi mərkəzində keçiriləcək bu tədbirə giriş sərbəst olacaq. Festival çərçivəsində satışda olan dequstasiya bilərziklərindən və yerli istehsalçıların məhsullarından əldə etmək imkanı yaradılacaq.