Şəkidəhalva hazırlamağı öyrən
Azərbaycanın turizm incilərindən olan Şəki tarix, mədəniyyət, təbii gözəlliklər və kulinariya sirləri ilə zəngindir. Söhbət yeməkdən düşmüşkən, bu şəhər adətən öz halvası ilə assosiasiya olunur. Yerli üslubda hazırlanan bu şirniyyat bir növ paxlavadır. Halva qat-qat hazırlanır, içlik kimi şəkər, fındıq, keşniş, hil və zəfəran istifadə olunaraq üstünə bolca şərbət əlavə edilir.
Halva şəhərin tarixi hissələrində rəngarəng görüntülər yaradan yerli ailə biznesləri tərəfindən hazırlanır və satılır. “Əzizoğlu Şəki Şirniyyatları” və “Əliovsət Şirniyyat Evi”nə baş çəkərək Şəki halvasının hazırlanması üzrə master-klaslara qoşula bilərsiniz. Həmçinin “Halvaçı Yəhya”, “Əliəhməd” və “Gələrsən-Görərsən” şirniyyat evlərində də xüsusi hallarda master-klaslar təşkil olunur. Sadalanan məkanlarda siz bu dadlı şirniyyatın hazırlanma prosesinin bütün mərhələlərinə – düyü xəmirinin hazırlanmasından bal və şəkərli şərbətlə isladılmasına, bəzədilməsindən dadılmasına və qablaşdırılmasına qədər – şahid olacaq və bu mərhələlərdə iştirak edəcəksiniz.
Şəki halvası master-klasından sonra Şəkinin UNESCO tərəfindən qorunan tarixi mərkəzini kəşf etməyi unutmayın. Burada müxtəlif təyinatlı tarixi abidələr, muzeylər, kafelər və sənətkarlıq dükanları vaxtınızı səmərəli keçirməyinizə yardımçı olacaq.
Əlavə məlumat üçün:
Tel: +994 55 655 97 03; +994 55 882 50 05