nəsillərin yadigarıipəkçilik diyarı Şəki
Şəkidə bu sənətin icrası sadəcə ipək parça istehsalından ibarət deyil, həm də böyük səbr, məharət və fədakarlıq tələb edən qədim ənənələrin təzahürüdür. Yerli sənətkarlar əsrlər boyu nəsildən-nəslə ötürülən ipəkçilik sənətini qoruyub saxlayaraq ipək istehsalı ilə məşğul olurlar.
Ümumiyyətlə, Şəkidə toxuculuq sənəti milli qadın geyiminin zərif atributu olan kəlağayının hazırlanması ilə sıx bağlıdır. Gözoxşayan ornamentlərlə bəzədilən bu baş örtüsü sevgi, gözəllik, sülh və əmin-amanlıq simvoludur. Kəlağayı sadəcə geyim deyil, həmçinin özündə xalq məişətinin bir sıra xüsusiyyətlərini, qədim dəyərlərimizi və Azərbaycan qadınının dəyanətini təcəssüm etdirir. Ornamentli parçalar ərsəyə gətirilməsi üçün müxtəlif mərhələlərdən keçir və yalnız təmiz ipəkdən, kvadrat formada hazırlanır. Kəlağayını adəti üzrə kişilər hazırlayırlar, ona görə ki, onlar qadınlara olan duyğularını nəbati naxışların, rənglərin dili ilə daha mənalı və dərindən ifadə edirlər.
Ölkəmizin müxtəlif bölgələrində ipəkçilik istehsalı inkişaf etsə də, bu sahədən söz düşəndə gözlərimizin önünə ilk Şəkinin gəlməsi, əlbəttə ki, təsadüfi deyil. Şəki ipəkçilik adət-ənənələrinin yaşadıldığı, UNESCO-nun Qeyri-Maddi İrs Siyahısına daxil edilmiş kəlağayı sənətinin nəsillərdən-nəsillərə ötürüldüyü qədim ipəkçilik yurdumuzdur. Şəkidə olarkən Şəki İpək Kombinatına üz tutsanız, ipək məmulatlarının istehsal prosesini canlı izləmək, ipəkçiliklə bağlı maraqlı məlumatlar almaq imkanınız olacaq.
Həmçinin mərhum usta Ziya Şamilovun oğlu Əmiraslan Şamilovun M. Ə. Rəsulzadə prospektində yerləşən emalatxanasına da baş çəkin. Burada yaylıqların boyanma və bəzək prosesini müşahidə edərək incəlikləri öyrənə bilərsiniz. Rəngbərəng ipək yaylıqları Şəki İpək Kombinatındakı mağazadan və ya Əmiraslan Şamilova məxsus mağazadan ala bilərsiniz. Mağaza Yuxarı Karvansaraydan bir qədər aşağıda, M. F. Axundzadə küçəsində yerləşir.
Ətraflı məlumat üçün:
Şəki İpək Kombinatı
www.azeripek.com
Tel.: +99455 623 82 95; +994 55 815 35 76
Əmiraslan Şamilovun kəlağayı emalatxanası
Tel.: +99450 323 90 90; +994 50 637 73 00