MƏSAFƏ: 14,6 KM
YOXUŞ: 1200 M
ENİŞ: 1100 M
|
MAKS. HÜNDÜRLÜK: 2050 M
MİN. HÜNDÜRLÜK: 950 M
MÜDDƏT: 7 SAAT 50 DƏQ
|
Başlanğıc nöqtəsindən nişanları izləyərək davam edin. Bir az irəlidə çayı keçdikdən sonra marşrut çay yatağındakı düzən meşənin içi ilə qismən yoxuşlu yolla davam edir. 6 km-dən sonra çoban alaçığına çatan yol sağa yüksələn dik dolayı cığırla dağa qalxmağa başlayır.
700 m irəlidə meşə zolağının üstünə – yaylaqlara çıxan cığır sola və yuxarı dönərək, dağ belinin sağ tərəfi ilə köndələn davam edir. Bir qədər sonra kiçik məsafədə meşədən keçən cığır 1,7 km irəlidə əsas cığırdan sola ayrılaraq dağın beli ilə davam edir və az irəlidə açıqlığa çıxır. Dolayı dik yoxuşla davam edən cığır 500 m-dən sonra 2 040 metr yüksəklikdə marşrutun ən yüksək hissəsinə çıxır.
Təpədən sola doğru dağın beli ilə davam edən, aydın seçilməyən cığır 600 m irəlidə aşağı dik enişlə düşməyə başlayır. 2 km meşəarası açıqlıqla düşən dolayı cığır meşə zolağına çatır və daha 2 km meşənin içi ilə düşdükdən sonra kəndin girişinə çatır. 400 m evlərin arası ilə davam etdikdən sonra kəndin əsas yollarından birinə çıxacaqsınız.
Ətraf cığırlar
Bu marşrutu Qaşqaçay-Qumux marşrutu ilə birləşdirə bilərsiniz.
Mövsüm
May–sentyabr ayları hava şəraiti və günün uzunluğu baxımından ən uyğun vaxtlardır. Marşrut boyunca yalnız bir yerdə çoban alaçığı var. May–sentyabr aylarında çobanların dağda olub-olmadığını yerli camaatla dəqiqləşdirə bilərsiniz. İtlərlə ehtiyatlı davrandıqda bu çoban alaçıqları isti sığınacaq və ya “məlumat mərkəzi” ola bilər.
Ümumilikdə, il boyunca bu marşrutla getmək mümkün olsa da, qış aylarında daha çox hazırlıq tələb olunacaq. Qış, yaz və payız aylarında hava proqnozunu daha diqqətlə yoxlamağınız, qida, geyim, ləvazimat (çadır, yataq kisəsi və s.) hazırlığı görməyiniz vacibdir. Soyuq və qısa qış günlərində bu marşrutu bir günə bitirmək çox çətin və riskli olduğuna görə uyğun çadır hazırlığı görmədən yola çıxmağınız məsləhət görülmür.
Qida və gecələmə
Hər iki kəndin ərazisində kiçik dükanlar, kafe və restoranlar fəaliyyət göstərir. Gecələmək üçün qonaq evləri, hotel və digər yerləşdirmə müəssisələrinin yerini xəritədə tapa bilərsiniz.
Su
Marşrut boyunca yalnız bir yerdə bulaq var, o da Baş Göynük dərəsinin sonunda çoban alaçığının yaxınlığındadır. Su mənbələri məhdud olduğu üçün azı 1,5-2 l su götürmək tövsiyə olunur.
Nəqliyyat
Şəki şəhər bazarından Baş Göynük istiqamətində kiçik tutumlu marşrut avtobusları fəaliyyət göstərir (1 AZN). Baş Göynük kəndinə taksi ilə də getmək mümkündür (*0066 və *5577 taksi xidmətləri ilə 6-8 AZN-ə).
İcazələr və xüsusi mühafizə edilən ərazilər
Bu marşrutla hərəkət etmək üçün öncədən heç bir icazə almaq tələb edilmir. Marşrut xüsusi mühafizə olunan təbiət ərazilərindən, eləcə də sərhəd mühafizə zolağından keçmir və marşrut boyunca heç bir yerdə daimi sərhəd mühafizə postu yoxdur. Sərhədçilərlə qarşılaşdıqda sənədləri göstərib, hərəkət marşrutunu izah etmək lazımdır.