Şəkinin keçmişinəsəyahət et
Bura şəhərin tarixinin ən incə detallarına qədər canlandığı məkandır. Muzey qədim arxeoloji tapıntılardan başlayaraq, Şəkini Azərbaycanın hüdudlarından kənarda da tanıdan ipəkçilik ənənələrinə qədər uzanan zəngin irsi bir araya gətirir.
1925-ci ildə yaradılmış muzey bu gün Şəki qalasının ərazisində yerləşən XIX əsrə aid tarixi binada fəaliyyət göstərir. Yerli memarlıq üslubu ilə Avropa memarlıq elementlərini özündə birləşdirən bina özü də diqqətəlayiq memarlıq nümunəsidir. 2022–2024-cü illərdə həyata keçirilən genişmiqyaslı bərpa işlərindən sonra muzey yenilənmiş görkəmdə ziyarətçilərin istifadəsinə verilib.
Muzeyin kolleksiyasında 5 mindən çox eksponat qorunur və onların 2 mindən çoxu ekspozisiyada nümayiş etdirilir. Səyahət regionun ən qədim dövrlərinə aparan birinci zaldan başlayır. Burada minilliklər öncə bu torpaqlarda yaşamış insanların izlərini əks etdirən saxsı qablar, bəzək əşyaları, silahlar, orta əsr sikkələri və məişət nümunələri sərgilənir. Xüsusilə Şəki yaxınlığında aşkar edilmiş tısbağa formalı saxsı dolça və dünyanın ən qədim samovarlarından biri hesab edilən gil samovar ziyarətçilərin diqqətini cəlb edir.
Ekspozisiyanın ayrıca bölməsi bölgənin tarixində mühüm yer tutan Şəki xanlığına həsr olunub. Burada silah nümunələri, tarixi sənədlər və Şəki xanlarının fəaliyyəti haqqında məlumatlarla tanış olmaq mümkündür. Muzeydə əfsanəvi Hacı Çələbi xan haqqında da maraqlı məlumatlar təqdim edilir.
İkinci zal ziyarətçiləri şəkililərin ənənəvi həyat tərzi ilə tanış edir. Burada sənətkarlıq, atçılıq, təhsil və gündəlik məişətə aid eksponatlar, qədim əlyazmalar və tarixi qəbir daşları nümayiş olunur. Şəkinin zəngin kulinariya irsi də ekspozisiyanın mühüm hissəsini təşkil edir.
Üçüncü zal isə qonaqları ənənəvi Şəki evlərinin atmosferinə aparır. Zərif şəbəkələr, qədim çıraqlar, güzgülər, buxarılar və digər dekorativ elementlər keçmiş dövrlərin yaşayış məkanlarını təsəvvür etməyə imkan yaradır.
Ekspozisiyanın son hissəsi Şəkinin əsrlər boyu şöhrət qazanmış ipəkçilik ənənələrinə həsr olunub. Burada ipək istehsalının mərhələləri, kəlağayının tarixi, eləcə də ipək parçalar, geyimlər, zinət əşyaları və təkəlduz sənətinin nümunələri nümayiş etdirilir.
Muzeydən ayrılmadan öncə qalereya və suvenir bölməsinə də baş çəkməyə dəyər. Burada Şəki rəssamlarının əsərləri, tarixi tikililərin maketləri və qədim fayton sərgilənir.
Şəki Tarix-Diyarşünaslıq Muzeyi sadəcə eksponatlar toplusu deyil. Bu məkan minilliklər boyu formalaşmış mədəni irslə yaxından tanış olmaq, Azərbaycanın ən özünəməxsus şəhərlərindən birini daha dərindən kəşf etmək üçün unikal fürsət yaradır.
Əlavə məlumat üçün:
Ünvan: Şəki, Qala divarları
İş saatları: 09:00–18:00























