Qurcana şəlaləsinəaparan yol
Qurcana şəlaləsi Şəki Xan Sarayından cəmi 4,6 km məsafədə yerləşir. Meşə və qayalar arasında gizlənən ikipilləli şəlalə bölgənin ən sevilən təbiət marşrutlarından biridir.
Yürüş Şəki Xan Sarayının qarşısından başlayır. İlk hissədə Ə. Haqverdiyev küçəsi boyunca qədim məhəllələrdən keçərək, sonra isə dağ cığırı ilə yüksələrək şəlalənin yuxarı hissəsinə çatmaq mümkündür. Burada fasilə verə, piknik edə və bunun üçün ayrılmış xüsusi ərazidə tonqal qalaya bilərsən. Aşağı kaskada eniş daha çətin olduğundan ehtiyatlı olmaq tövsiyə edilir.
Yol boyu Şəkinin tarixi ilə də yaxından tanış olmaq imkanınız var. Daş döşənmiş küçələrdən keçərkən Səkkizguşəli minarəni görə, Bəxtiyar Vahabzadənin ev-muzeyini ziyarət edə bilərsiniz.
Gəzinti boyunca istiqamətləndirici nişanlar yolu rahatlıqla izləməyə kömək edir. Hündürlüyə qalxdıqca meşə və dağ yamacları fərqli rakurslardan görünür, şəlalənin gur səsi isə yürüşə xüsusi ab-hava qatır. Tarix və təbiəti bir gündə kəşf etmək istəyənlər üçün bu marşrut əla seçimdir.






















