qədim Şəkidətarixi gəzinti
Şəkinin tarixi mərkəzi dövlət tarix-memarlıq qoruğu olmaqla yanaşı, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş unikal bir məkandır. Burada təmiz dağ havası, orijinal kərpic tikililər, ənənəvi karvansaraylar və qədim sənətkarlıq emalatxanaları şəhəri tarix və mədəniyyətin canlı muzeyinə çevirir. Şəkidə atılan hər addım sizi əsrlər öncəyə, İpək Yolunun canlandığı dövrlərə səyahətə aparır.
İpəkçiliyin inkişafı burada şəhər həyatının canlanmasına və firavanlığa səbəb olmuşdur.
Keçmişdə Şəki xanlığının (1743-1819) qalası olan və şəhərin mərkəzində yerləşən Şəki qalası əzəməti ilə diqqəti cəlb edən tarixi memarlıq abidələrindən biridir. Qalanın daxilində, 500 illik çinar ağacının kölgəsində qərar tutmuş, gözəl naxışlar vurulmuş və milli ornamentlərlə bəzədilmiş Şəki Xan sarayı XVIII əsrin 60-ci illərinin əvvəllərində inzibati bina kimi inşa edilmişdir. Divarları daxildən və xaricdən zərif təsvirlər və mürəkkəb naxışlarla bəzədilən sarayın fasadı yapışqan və mismardan istifadə edilmədən minlərlə müxtəlif rəngli şüşə parçaları və taxtadan hazırlanan şəbəkələrdən ibarətdir.
Qalanın daxilində həm də Xalq Tətbiqi Sənəti Muzeyinin kiçik, lakin maraqlı kolleksiyası ilə, eləcə də Sənətkarlar evi, “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi və şəbəkə emalatxanasında xalq sənətkarlığının nadir nümunələri ilə tanış ola bilərsiniz.
Qaladan kənarda isə görkəmli qələm sahibləri – Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadə və xalq şairi Bəxtiyar Vahabzadənin ev-muzeylərinə, xanların və onların qohumlarının iqamətgahı olmuş Şəkixanovların evinə baş çəkə bilərsiniz. Gecəni XVIII əsrdə inşa edilmiş və hazırda hotel kimi fəaliyyət göstərən Yuxarı Karvansarayda keçirib çay süfrəsinə qonaq olmaq isə Şəki səyahətinin tamamlayıcı, ayrılmaz hissəsidir.
Yuxarı Karvansaray ilə üzbəüz yerləşən “Vətən Yaddaşı” Miniatür Muzeyində isə ziyarətçilər bir neçə əsr geri qayıdacaqlar. Muzeydə yerli sənətkarların banisi olduğu nadir abidələrin və qalaların maketləri nümayiş etdirilir. Burada qonaqlar həm də yerli əhalinin məişəti və Şəkinin qədim dövrlərdəki görkəmli şəxsiyyətlərinin həyatı ilə yaxından tanış ola bilərlər.























