Nuh Peyğəmbər türbəsiniziyarət edin
Naxçıvan əfsanələrlə zəngindir və onlar arasında Nuh Peyğəmbərin burada məskunlaşıb yaşaması və ölməsi ilə bağlı yerli inanclar xüsusilə diqqət çəkir. Hətta bir sıra tarixçi və coğrafiyaşünasların əsərlərində də bu fakta rast gəlinir.
Nuh Peyğəmbərin məzarüstü türbəsi Naxçıvan şəhərində mütləq görməli olduğunuz yerlərdən biridir. Buradakı lövhədə türbənin dəfələrlə bərpa edildiyi qeyd olunub. 2006-cı ildə aparılan elmi araşdırmalar nəticəsində Nuh Peyğəmbərin məzarüstü türbəsinin yeri təyin olunub və arxeoloji qazıntı zamanı türbənin özülü, naxış elementləri tapılaraq bərpa işlərinə başlanılmışdır. Türbə 3 hissədən — sərdabə, yerüstü məqbərə və konusvari örtükdən ibarətdir.
Türbənin özülü aşkar edilərkən onun 8 guşəli və girişinin qərb istiqamətdən olduğu müəyyənləşdirilmişdir. Ona görə də bərpa zamanı türbənin əvvəlki görkəminin yaradılması əsas götürülmüşdür. Türbə Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksi ilə Heydər məscidi arasında yerləşir.






























