tarixə şahidHaçadağ
Haçadağ bir təbiət möcüzəsidir. Həqiqətin əfsanəyə qovuşduğu, Naxçıvan elinin təbii gözəlliyinə xüsusi yaraşıq verən bir möcüzədir. Şimal-qərb istiqamətində oval zirvə relyef formasında səmaya ucalan, bünövrəsinin sahəsi 3 km2 -ə çatan Haçadağ görənləri ilk baxışdan öz sehrinə salır. Zirvəsinin quruluşuna görə Haçadağ adlandırılan bu dağ xalq arasında İlandağ adı ilə də məşhurdur və haqqında çoxlu əfsanələr var. Dağın adı "diyar, “xalq" mənalarını verən türk sözü “il”, “el” və qədim türk səcdəgahı Annu adının birləşməsindən əmələ gəlib "Allahın yaşadığı məskən" mənasını daşıyır.
Zirvənin daha iki adı mövcuddur: onlardan biri İnandağ, yəni "İnam dağı", digəri isə Haçadağdır. İkinci ad zirvənin dar buğumla birləşdirilmiş iki hissədən ibarət olduğunu ifadə edir və "ikiyə parçalanmış dağ" kimi səslənir. Şumer mənşəli məşhur əfsanəyə görə, Nuh peyğəmbərin gəmisi Gəmiqayadan Ağrı dağına yola düşərkən İlandağın zirvəsinə elə güclü toxunmuşdur ki, dağ haçalanıb iki hissəyə bölünüb. Ehtimal ki, dağın adı da bu əfsanə ilə bağlıdır.
Haqqında əfsanələrin, rəvayətlərin gəzib dolaşdığı Haçadağı bu gün uzaq ellərdən ziyarət edirlər. Həmçinin zəngin flora və fauna aləminə malik Haçadağ ekoturistlərin, alpinistlərin və ekstremal yürüş həvəskarlarının həvəslə dırmandığı bir məkandır. Dağın zirvəsindən açılan heyrətamiz mənzərələrdən siz də zövq ala bilərsiniz.