Naxçıvanınistirahət mərkəzləri
Uzunoba İstirahət Mərkəzi həm turistlərin, həm də yerli sakinlərin yay istirahətini səmərəli keçirmələri üçün əlverişlidir. Uzunoba su anbarı ərazisindəki çimərlik böyüklər və uşaqlar üçün nəzərdə tutulub və iki hissədən ibarətdir. Çimərlikdə böyükdən kiçiyə hər kəsin istirahəti üçün lazımi şərait mövcuddur. Mərkəz ərazisindəki futbol və voleybol meydançalarında istirahəti daha əyləncəli etmək olar. Su idman növləri ilə məşğul olmaq istəyənlər isə su velosipedləri və motosikletlərindən istifadə edə bilər.
Ünvan: Babək rayonu, Uzunoba kəndi
Dağlar qoynunda yerləşən Batabat İstirahət Mərkəzi əsrarəngiz gözəlliyi ilə qonaqlar üçün yeni imkanlar təqdim edir. İstirahət mərkəzində restoran, uşaq oyun meydançası, voleybol meydançası, çardaqlar, kotteclər və fərdi otaqlar var. Restoranda milli və türk mətbəxinin seçmələrindən, ləziz təndir və ocaq təamlarından mütləq dadmalısınız. İstirahət mərkəzinin ərazisi meşə zolağında yerləşdiyi üçün buradakı çardaqlar təbiətin qoynunda dinclikdən zövq almağa imkan yaradır. Həmçinin qonaqlar üçün dağ marşrutları üzrə at-cıdır yürüşləri, meşə ərazisində gəzinti, Batabat gölü ətrafında piknik, ocaq ətrafında musiqili gecələr təşkil edilir.
Ünvan: Şahbuz rayonu, Batabat yaylağı
Ağbulaq İstirahət Mərkəzi Naxçıvan şəhərindən 50 km məsafədə, Şahbuz rayonunun Ağbulaq kəndində yerləşir. Mərkəzdə hotel, restoran, kafe-bar, mini futbol meydançası, satış mağazası, uşaqlar üçün oyun klubu var. Həmçinin burada ümumi uzunluğu 1500 metr olan dağ-xizək mərkəzinə hər il yüzlərlə turist gəlir. Xizək üçün eniş zolağı, kanat xətti, xizəksürmə üçün təlim zonası, əyləncə və uşaq parkları yaradılmışdır.
Ünvan: Şahbuz rayonu, Ağbulaq kəndi