dadlıGəncə nemətləri və mətbəxi
Gəncə çoxəsrlik tarixi ilə yanaşı, müasir və gənc ruhunu qoruyub saxlayan bir şəhərdir. Bu vəhdət Gəncənin milli mətbəxində də öz əksini tapmışdır. Yerli təamlar olduqca çeşidli və maraqlıdır. Belə ki, Gəncə mətbəxi özünəməxsus şirniyyatı və yeməkləri ilə seçilir. Ən məşhur təamlardan biri, şübhəsiz ki, möhtəşəm Gəncə paxlavasıdır. Bakı paxlavasından fərqli olaraq, Gəncədə bişirilən paxlavanın rəngi açıq olur və mis sinidə köz üzərində bişirilir.
Ən az yeddi növ göyərtidən hazırlanan Gəncə dovğası, həmçinin ət, pendir, yaxud göyərtidən hazırlanan kətələr Gəncəyə səfər zamanı mütləq dadmalı olduğunuz nemətlərdir. Səyahət menyunuzda yer almalı digər yemək - soğan, quzu əti, meyvə qurularından ibarət olan, hər tərəfi yağlanmış lavaşla əhatə olunaraq kömbə formasını xatırladan Şah plovun dadı isə damağınızdan heç vaxt getməyəcək.
Gəncədən geri qayıdarkən “Gəncə bazarı”na üz tutmağı unutmayın. Burada şöhrəti dünyanı gəzən “Gəncə səbəti”nin hazırlanma prosesini də görəcəksiniz. Xüsusi günlərdə sevdiklərinizə tam təbii məhsullardan ibarət bu səbəti hədiyyə etmək maraqlı ideya ola bilər.