təbiətdən süfrəyə Tovuzun dadı

Azərbaycanın qərbində yerləşən Tovuz – dadların bir araya gəldiyi, hər ləzzətin bir hekayə danışdığı bölgədir. Meyvə bağları, təzə məhsullarla dolu bazarlar və nəsildən-nəslə ötürülən reseptlər bu torpağın zəngin kulinariya ruhunu formalaşdırır.

Tovuza məxsustəamlar

Tovuzun yeməkləri adətən mürəkkəb texnikalar və nadir inqrediyentlərə deyil, əksinə, yerli məhsulların təbii dadına və ailədən-ailəyə ötürülən sadə reseptlərə əsaslanır. Əksər yeməklərin adları birbaşa onların əsas inqrediyentlərini və ya hazırlanma üsullarını əks etdirir.

Bölgənin mətbəxinə xas olan əsas cəhətlərdən biri, yeməklərin yerli və mövsümi məhsullarla hazırlanmasıdır. Məsələn, Tovuzun məşhur təamlarından olan çəpiş pörtləməsi (və ya buğlaması) — duz, istiot, kəklikotu və baş soğanla birlikdə kərə yağında, az miqdarda suda, vam odda bişirilən çəpiş ətidir. Sadə olmasına baxmayaraq, bu yemək olduqca doyumludur və adətən sarımsaqlı qatıqla birlikdə təqdim olunur.

Şirniyyatsevərlərin diqqətini isə ən çox fəsəli cəlb edər. Un, duz və ilıq su ilə yoğrulmuş xəmir bir qədər dinləndirilir, kündələnib nazik şəkildə yayılır. Sonra hər qar yağlanaraq üst-üstə yığılır və yenidən kündə halına gətirilərək təkrar yayılır. Üzərində oxlovla deşiklər açılır, formaya salınaraq qızmar sacda bişirilir. Sadə tərkibi ilə seçilən bu şirniyyat hazır olduqda üzərinə şəkər tozu səpilərək isti halda süfrəyə verilir.

Bitki mənşəli və yüngül yeməkləri sevənlər üçün isə kartoflu xəngəl ideal seçimdir. Əriştə xəmiri ilə kartof birlikdə bişirilir, üzərinə sarımsaqlı qatıq və qızardılmış baş soğan əlavə olunur. Bəzən qurutla da təqdim edilən bu yemək həm asan hazırlanır, həm də inanılmaz doyumludur.

Tovuz mətbəxi yalnız yemək deyil — o, bu torpağın təbiətindən, həyat tərzindən və nəsillər boyu davam edən ənənələrindən bəhrələnən bir mədəniyyətdir. Hər bir yemək, kənd həyatının sakitliyini və qonaqpərvərliyini hiss etdirir. Sadə və təbii təamlar isə bizə bölgənin həm keçmişinə, həm gələcəyinə doğru bir səyahət təklif edir.

QALEREYA

Unudulmaz qastronomik təəssüratlar üçün Tovuza üz tutun

xəbər bülletenimizə abunə olun