Qafqazın ən böyük parkındagəzinti və əyləncə
Dünyada bir neçə böyük park var ki, onlardan biri də Gəncə şəhərindəki Heydər Əliyev Park-Kompleksidir. Ümumi sahəsi 450 ha olan Park-Kompleksdə uşaqdan böyüyə hər kəsin istirahəti üçün maraqlı əyləncələr var. Gəzintiyə çıxmaq, piknik etmək, müxtəlif atraksionlarda əylənmək kimi bir-birindən fərqli fəaliyyət növləri parka üz tutanların marağına səbəb olur. Uzunluğu 2 km-dən çox olan parkın girişində inşa edilmiş möhtəşəm “Zəfər Tağı”nın 35 m hündürlüyündəki meydançasından ətrafı seyr edə bilərsiniz. Parkda yaradılan süni göl, addımbaşı rast gəlinən gül-çiçək kolları və nadir çinar ağacları parkda gəzintiyə çıxanların zövqünü oxşayır. Park-kompleksin dörd bir yanını bürüyən bitki aləmi sayəsində bura sosial şəbəkələrdə maraqlı şəkillər paylaşmaq istəyənlərin sevimli məkanına çevrilib. Həmçinin parkın içərisində yerləşən “GəncLand” istirahət və əyləncə mərkəzindəki atraksionlar isə tək uşaqlar üçün deyil, həm də böyüklər üçün maraqlıdır. Hətta burada olarkən amfiteatrda təşkil olunan tədbirlərin, konsertlərin tamaşaçısı da ola bilərsiniz. 7 km uzunluğunda olan velosiped yolu isə velosiped sürmək istəyənlərin ixtiyarındadır.
Park-kompleksdə fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi müasir memarlığın ən gözəl nümunələrdəndir. Binanın fasadında böyük peşəkarlıqla işlənən milli memarlıq elementləri diqqəti cəlb edir. Üçmərtəbəli mərkəzdə şüşədən quraşdırılan müasir günbəzdə Azərbaycanın xəritəsi əks olunub.
Gəncəlilər və şəhərin qonaqları buradan hər zaman ən xoş təəssüratlarla ayrılırlar