Qafqazınən qədim parklarından biri
“Xan bağı” Qafqazın ən qədim parklarından biri, həm də gəncəlilərin böyükdən-kiçiyə üz tutduğu ən sevimli istirahət yeridir. 1727-ci ilə aid Osmanlı mənbəsində Xan bağının sahəsinin 130 hektar olması və burada 479 çinar, 404 sərv, 3554 meyvə ağaclarının bitməsi göstərilmişdir. Tarixən Gəncə bəylərbəylərinin və xanlarının istirahət guşəsi olan Xan bağı, Gəncə xanlığının Çar Rusiyasına ilhaqından sonra, şəhər mərkəzindən uzaq olduğu üçün Qafqaz hakimi (sərdarı) M. Vorontsov tərəfindən 1846-cı ildə indiki yerinə köçürülmüşdür. Park rəsmi olaraq “Xan bağı” adlandırılsa da, Qafqaz hakiminin adı ilə “Sərdar bağı” və “Vorontsov bağı” kimi də tanınır.
Adi bir parkdan fərqlənən Xan bağının ab-havası o qədər ürəkaçandır ki, burada olduğunuz zaman yüzlərlə ağac və kol növlərinə rast gələ bilərsiniz. Payızın gəlişi ilə bu füsunkar ağac və bitkilər qızılı rəngin çalarlarına bürünür və çox valehedici, insanı yaşayıb-yaratmağa sövq edən mənzərələrin yaranmasına səbəb olur. Parkın daxilində müxtəlif istirahət guşələrinin əhatəsində ruhunuz dincələrkən tərtəmiz hava ciyərlərinizə dolacaq. Hətta bağda oksigen ehtiyatı bol olduğundan buranı “Gəncənin ağciyəri” də adlandıra bilərik.
Parka xüsusi yaraşıq verən yerlərdən biri də mədəni tədbirlər üçün nəzərdə tutulan açıq səma altında yerləşən Yaşıl Teatrdır. XVI əsrdə inşa edilən Gəncə qala divarlarının qalığı olan Şirəli bəy bürcü isə Xan bağının görkəmini tamamlayır.