MƏSAFƏ: 2.3 KM
YOXUŞ: 10 M
ENİŞ: 167 M
|
MAKS. HÜNDÜRLÜK: 2254 M
MİN. HÜNDÜRLÜK: 2096 M
MÜDDƏT: 50 DƏQ
|
Ümumi uzunluğu 2.3 km olan bu marşrut haykinqsevərlər üçün həm mənzərə baxımından zəngin, həm də rahatlıq baxımından əlverişli piyada yürüş istiqamətidir. Özünəməxsus flora və faunası ilə seçilən Zəngəzur Milli Parkının qoynunda, Zorbulağın yaxınlığında başlayan bu marşrut ilk addımlardan sizi Batabat yaylağının valehedici dağ və göl mənzərələri ilə qarşılayır. Yaşıl çəmənliklər, açıq dağətəyi sahələr və təmiz dağ havası isə səyahətçilərə yol boyu yoldaşlıq edir.
Marşrut Yuxarı Batabat gölünün sahili boyunca təxminən 800 m uzanır və dik qayalıqların ətəyinə qədər aparır. Buradan təqribən 1.3 km daha irəlilədikdə Aşağı Batabat gölünə çatırsınız. Dağlar qoynunda yerləşən bu gölün duru sularında yerli təbiətin dəyişməz gözəlliyi öz əksini tapır və sizə yolun növbəti hissəsini kəşf etmək üçün əlavə enerji bəxş edir.
Bu marşrutu əks istiqamətdə də gedə bilərsiniz.
Ətraf cığırlar
Bu marşrut Zorbulaq – Biçənək marşrutu ilə birləşdirilə bilər.
Mövsüm
Ərazidə haykinq üçün ən uyğun dövrlər yaz, yay və payız mövsümləridir.
Qida və gecələmə
Marşrut boyunca mağazalar yoxdur, lakin marşruta çatmamış sonuncu dayanacaq olan Biçənək kəndində 2 mağaza fəaliyyət göstərir. Burada kirayə verilən kənd evlərində və ya Batabat İstirahət Mərkəzinin kotteclərində gecələmək mümkündür. Gecələməyi düşünürsünüzsə, çadır və digər ləvazimatları özünüzlə gətirməyiniz məsləhətdir.
Su
Marşrutun başlanğıcında bulaq var.
Nəqliyyat
Naxçıvan şəhərindən Batabata taksi və ya şəxsi avtomobil ilə çatmaq mümkündür. Marşrutun başlanğıc nöqtəsinə qədər yol asfaltlıdır və bütün növ avtomobillər üçün uyğundur.
Vacib xəbərdarlıq
Marşrutun asfalt avtomobil yolu ilə kəsişdiyi nöqtədə nəqliyyat vasitələrini diqqətlə idarə edin. Göl buz bağladığı dövrlərdə buz qatının çox nazik olması səbəbindən üzərinə çıxmaq qətiyyən tövsiyə edilmir – bu, ciddi xəsarətlərə və təhlükəli vəziyyətlərə yol aça bilər.