“qızılgüllər diyarı”Zaqatala
Zaqatalaya qızılgül kolları ötən əsrin 60-cı illərində Bolqarıstandan gətirilib. Həmin dövrdən başlayaraq rayonda qızılgülün “Raduqa”, “Krım”, “Mürəbbə qızılgülü” və s. növləri yetişdirilir, küçələri, həyətləri bəzəyən qızılgüllər hər yerdə göz oxşayır. Yerli sakinlər bu gülün sadəcə gözəlliyi və ətrindən zövq almaqla kifayətlənməmiş, ondan qızılgül mürəbbəsi, gül suyu, şərbətlər hazırlamaqda da ad çıxarıblar. Gül suyu çaya qatıldıqda xüsusi ətir verməkdən əlavə, susuzluğun da qarşısını alır. “Ovşala” adlanan gül suyu şərbəti isə Zaqatalada və ətraf rayonlarda çox məşhurdur.
Yolunuzu Zaqatalanın Aşağı Tala kəndində yerləşən “AzRose” MMC-yə məxsus qızılgül və lavanda plantasiyalarından salsanız, özünüzü sanki cənnətdə hiss edəcəksiniz. Burada olarkən dörd bir yanı bürüyən gözəlliyi tamaşa etdikcə güllərin bihuşedici qoxusu qəlbinizi valeh edəcək. Bu güllərin əhatəsində şəkillər çəkdirmək isə dostlarınızın sizə həsəd aparması üçün gözəl fürsətdir. Aprelin sonu – mayın ortalarında buraya baş çəksəniz, plantasiya boyu gül ləçəkləri toplayan xanımların öz işlərindən necə zövq aldıqlarına şahidlik edə bilərsiniz. Plantasiyaların yaxınlığında yerləşən gül yağı emalı zavodunda isə sənayenin müxtəlif sahələrində istifadə olunan gül yağının istehsal prosesi ilə tanış olmaq imkanınız var.