Kiş Baş – Göynük marşrutu
Difficulty - Red - blue 
Qafqazın və ümumilikdə bütün xristian dünyasında ən qədim kilsələrdən hesab olunan Müqəddəs Yelisey kilsəsi Kiş kəndində yerləşir. Baş Göynük kəndinə gedən bu marşrut boyu meşə və yaylaqlardan, ətraf dağların və geniş meşəli dərələrin füsunkar mənzərələrindən zövq alacaqsınız. Araşdırmalara görə, Şəkinin Göynük kəndi 16-cı əsrin sonunda salınıb və burada Osmanlı ərazisindən köçürülmüş türklər məskunlaşıb. 19-cu əsrin əvvəllərində əhalinin bir qismi düzəngah ərazilərə köç etdiyi üçün kənd Baş və Aşağı Göynük olaraq bölünür.

Baş Göynük kəndinə yürüş uzunluğu, sərt eniş və yoxuşlarına görə fiziki cəhətdən yorucu hesab olunur. Başlanğıc nöqtəsindən işarələri izləyərək məhəllərin arası ilə davam edin. 400 m irəlidə cığır başlayır. Meşə ilə qalxan dik dolayı cığır 2 km irəlidə açıqlığa çıxaraq hər iki tərəfi meşə ilə örtülü dərələr olan sirtlə davam edir. Daha 2 km irəlidə isə meşə zolağından yuxarı qalxaraq Uzunyaylaq dağına çıxır.
Dağın başında yastı bellə düzünə 600 m irəliləyib, ən sonda sağa ayrılan sirtlə düşən cığırla davam edirsiniz. Dolayı cığır 500 m irəlidə meşə zolağına düşür və meşənin içi ilə davam edir. Sol yamac ilə köndələn cığır boyu az yoxuş üzrə gedirsiniz. 1 km irəlidə açıqlığa çıxan cığır az enişlə 700 m davam etdikdən sonra sirtin sağ yamacına keçərək, bir az sonra sağa aşağı düşən daha enli və dik cığırla düşməyə başlayır. 700 m irəlidə dərəyə çatan cığır sola dönərək dərə ilə aşağı davam edir. Az irəlidə çoban alaçığına çatdıqda cığır meşə yoluna çıxır. Təqribən 6 km-dən sonra çayı keçib kəndə daxil olursunuz.
Bu marşrutu Baş Göynükdən əks istiqamətdə getmək daha çox tövsiyə olunur.
Mövsüm
May – sentyabr ayları hava şəraiti və günün uzunluğu baxımından ən uyğun vaxtlardır. Marşrut boyunca yalnız bir yerdə çoban alaçığı var. May və sentyabr aylarında çobanların dağda olub-olmadığını yerli camaatla dəqiqləşdirə bilərsiniz. İtlərlə ehtiyatlı davrandıqda bu çoban alaçıqları isti sığınacaq və ya “məlumat mərkəzi” ola bilər.
Ümumilikdə, il boyunca bu marşrutla getmək mümkün olsa da, qış aylarında daha çox hazırlıq tələb edəcək. Qış, yaz və payız aylarında hava proqnozunu daha diqqətlə yoxlamağınız, qida, geyim, ləvazimat (çadır, yataq kisəsi və s.) hazırlığı görməyiniz vacibdir. Soyuq və qısa qış günlərində bu marşrutu bir günə bitirmək çox çətin və riskli olduğuna görə uyğun çadır hazırlığı görmədən yola çıxmağınız məsləhət görülmür.
Ətraf cığırlar
Baş Göynük kəndindən Qumux kəndinə maşınla və ya piyada hərəkət edərək (7 km) Qumux – Qaşqaçay, daha sonra isə Qaşqaçay – İlisu marşrutlarını gedə bilərsiniz. Hər iki marşrut işarələnib. Bu 3 marşrutu birləşdirərək Şəki şəhəri yaxınlığından Qax şəhəri yaxınlığına kimi dağlarla hərkət etmək olar.
İlisudan sonra isə dağlıq ərazilər əsasən İlisu Dövlət Təbiət Qoruğunun ərazisinə və sərhəd nəzarət zolağına düşür. Yerli bələdçiniz olarsa və ya dəqiq işlənmiş xəritəniz və təcrübəniz varsa, İlisudan Qum və ya Ləkit Kötüklü kəndinə qədər 2 günlük trekkinq planlaya bilərsiniz. Bu istiqaməti ancaq yayda getmək və çadır hazırlığı görmək tövsiyə olunur.
Qidalanma və yerləşdirmə
Hər iki kəndin ərazisində kiçik dükanlar, kafe və restoranlar fəaliyyət göstərir. Gecələmək üçün qonaq evləri, hotel və digər yerləşdirmə müəssisələri, eləcə də kafe və restoranların yerini xəritədə tapa bilərsiniz.
Su
Cığır boyunca yalnız bir yerdə bulaq var, ona görə dağlarda çobanlar da olmur. Yalnız Baş Göynük dərəsinin sonunda bir çoban alaçığı var. Bulaq da alaçığın yaxınlığındadır. Su mənbələri məhdud olduğu üçün azı 1,5-2 l su götürmək tövsiyə olunur.
Nəqliyyat
Şəki şəhərindən Kiş kəndinə 15 və 25 nömrəli kiçik marşrut avtobusları fəaliyyət göstərir (0,40 AZN). Kişə taksi ilə də getmək mümkündür (*0066 və *5577 taksi xidmətləri ilə 3-5 AZN-ə).
İcazələr və xüsusi mühafizə edilən ərazilər
Bu marşrutla hərəkət etmək üçün öncədən heç bir icazə almaq tələb edilmir. Marşrut xüsusi mühafizə olunan təbiət ərazilərindən, eləcə də sərhəd mühafizə zolağından keçmir və cığır boyunca heç bir yerdə daimi sərhəd mühafizə postu yoxdur. Sərhədçilərlə qarşılaşdıqda sənədləri göstərib, hərəkət marşrutunu izah etmək lazımdır.
Red - blue
Technical alpine routes
Trails of this colour require good experience in hiking and trekking and being in good physical condition.
Clothing and equipment: In addition to having proper hiking boots and waterproof breathable outdoor clothing, some blue trails might require extra safety equipment and special gear such as ropes, harnesses, carabiners and helmets.
Specifications of blue trails:
- Total distance: 12-50 km
- Total elevation gain: 800-2000 m
- Total elevation loss: 1000-2500 m