Şərqi Zəngəzurmətbəxini dadın
Şərqi Zəngəzurun mətbəxi bu torpağın ruhunu və təbiətlə olan vəhdətini əks etdirir. Buranın təamları dağların və çəmənliklərin qoynundan toplanan bitkilərə və yerli kənd təsərrüfatı məhsullarına əsaslanır.
Bölgəyə xas yeməklərdən biri çaşır qovurmasıdır. Dağlardan yığılan çaşır bitkisi əvvəlcə yuyulur və pörtlədilir, sonra soğan və kərə yağı ilə qovrulur, sonda isə üzərinə yumurta əlavə olunur. Adətən süfrəyə sadə və ya sarımsaqlı qatıqla təqdim edilir.
Digər məşhur mətbəx nümunəsi isə çəpiş buğlamasıdır. Çəpiş əti doğranaraq çiyə (qaymaq), nehrə yağı, baş soğan və ədviyyatlarla birgə vam odda bişirilir. Bu yemək də bəzən sarımsaqlı qatıqla süfrəyə verilir.
Şərqi Zəngəzurun kulinariya mədəniyyətini onun möhtəşəm təbiətindən ayırmaq mümkün deyil. Bu bölgə yaşıl meşələri, sərin çayları və gözəl çəmənlikləri ilə tanınır. Buranın ən dəyərli təbii incilərindən biri isə qədim Şərq çinarları ilə məşhur olan Bəsitçay Dövlət Təbiət Qoruğudur.
Bölgənin müxtəlif guşələrində karvansaralar, körpülər və orta əsrlərə aid memarlıq nümunələri də bu ərazinin zəngin tarixi irsindən xəbər verir.
Şərqi Zəngəzurun heyrətamiz təamlarının dadına baxmaq — dağların ruhunu, torpağın bərəkətini və əsrlərlə yaşadılan ənənəni hiss etmək deməkdir.