Naxçıvan dağlarındaxizəkçilik
Naxçıvanda xizəksürmə ilə məşğul olan və ya xizəkçiliyə marağı olanlar heç tərəddüd etmədən Ağbulaq Xizək Mərkəzinə üz tuturlar. Naxçıvandan bir saatlıq məsafədə, Kiçik Qafqaz dağlarında 2000 metr hündürlükdə yerləşən mərkəz qarlı dağ yamacları və lazımi infrastrukturu ilə qış idman növləri və aktiv istirahət həvəskarlarının istəklərini tam qarşılayır. Bu səfalı məkan hər yanı bürüyən bəmbəyaz qardan, təmiz hava və təbiət mənzərələrindən zövq almaq, xizəksürmə və snoubord əyləncəsini doyunca yaşamaq imkanı yaradır.
Müasir hotel, rahat koteclər, kafelər, 952 metrlik kanat yolu, geyim və ləvazimatların icarəsi, əyləncə və uşaq parkları və süni göl mərkəzdə turistlərin məşğuliyyəti və istirahəti üçün yaradılan imkanlar sırasındadır. Xizək sürməyə yeni başlayanlar peşəkar təlimçilərin xidmətlərindən də istifadə edə bilər.
Adrenalin dolu xizək macərasından sonra isə mərkəz ərazisindəki restoranda təqdim olunan bu regiona məxsus təamlardan mütləq dadın.