Tamamilə fərqli Azərbaycan şərabı təcrübəsi üçün şərab zavodlarında nar və heyva şərablarını, köpüklü şərabın bir neçə növünü sınadığınızdan əmin olun. Hətta özünüzlə hədiyyə olaraq da apara bilərsiniz.
Nar şərabı
Nar meyvələrin tacı hesab olunur və Azərbaycanın bir çox bölgələrində yetişsə də, Göyçayda yetişən narın ləzzəti digərlərini geridə qoyur. Məhz buna görə, narın vətəni hər il möhtəşəmliyi ilə yadda qalan ənənəvi “Nar bayramı” festivalına ev sahibliyi edir. Bu cənnət meyvəsi milli mətbəximizdə müxtəlif souslar, şirələr, mürəbbələr və təbii ki, xüsusi turş dadı ilə məşhur olan şərab şəklində öz yerini alır.
Heyva şərabı
Payızın, qışın ən çox sevilən meyvəsi heyva Azərbaycanda minilliklər boyu becərilir və bu möhtəşəm ətirli meyvədən kompotlar, mürəbbələr, şirələr, hətta milli təamlarımızdan olan heyva dolması hazırlanır. Gözəl kəhrəba rəngi və ahəngdar balanslaşdırılmış dadı ilə heyva şərabı qış axşamları üçün idealdır!